Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək

  Heydər Əliyevin reallaşan arzusu:  Qədim İpək Yolundan TRASEKA-yadək
  13 İyul 2023    Oxunub:1374
Bu gün sosial-iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderin enerji diplomatiyası regionda və dünyada təhlükəsizliyin Azərbaycan faktorunu ortaya qoyub. Onun müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun formalaşdırılması olub.
Qədim İpək yolunun bərpa edilməsi, qitələrarası kommunikasiyalar, qlobal nəqliyyat dəhizlərində ölkəmizin təmsil olunması Heydər Əliyevin geosiyasi zəkası sayəsində mümkün olub. Bu məqsədlə Ulu öndərin hakimiyyəti illərində TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi kimi qlobal layihələrin, İNOGATE Proqramının həyata keçirilməsinə başlanılıb. Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Cənubi Qafqazın lokomotiv ölkəsinə, Xəzər regionunda əsas multimodel nəqliyyat qovşağına çevrilib.

TRASEKA layihəsi Avropa Birliyinin təşəbbüsü ilə 1993-cü ilin mayında Brüsseldə 5 Orta Asiya, 3 Cənubi Qafqaz ölkəsi nümayəndəsinin iştirak etdiyi konfransda irəli sürülən "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" layihəsidir. Bu layihə tarixi Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının bərpası və inkişaf etdirilməsini nəzərdə tutur. TRASEKA layihəsinin reallaşmasında ən mühüm məqam 8-9 sentyabr 1998-ci ildə Bakıda 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndəsinin iştirak etdiyi beynəlxalq konfrans olub. Ulu öndərin təşəbbüsü ilə həyata keçirilən bu konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş" adlanan mühüm sənəd imzalanıb. Ümummilli lider Heydər Əliyev layihənin reallaşmasının region ölkələrinin bütün sahələrdə inkişafı üçün əhəmiyyətindən danışarkən deyib: "Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqılı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir".

TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin 21 fevral 2001-ci ildən Bakıda fəaliyyətə başlaması və koordinasiya funksiyasını icra etməsi Azərbaycana necə böyük əhəmiyyət verildiyini bir daha təsdiqləyir. Bu da təsadüfi deyil. Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında olan Azərbaycan beynəlxalq tranzit imkanları ilə hər zaman dünyanın, aparıcı dövlətlərin diqqət mərkəzində olub.
TRASEKA layihəsinin reallaşması Azərbaycanın sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayıb. Bu, özünü yük daşımalarından əldə olunan gəlirdə, nəqliyyat infrastrukturunun (əsasən, dəmir yolu) inkişaf etdirilməsində, yeni iş yerlərinin açılmasında və s. sahələrdə göstərib. Layihə çərçivəsində ölkəmizin dəniz, dəmir yolu və boru nəqliyyatı üçün uzun dövr ərzində etibarlı bazar yaranıb, respublikamızda daşınmalarla bağlı infrastruktur sahələri yenidən qurulub və yeniləri yaradılıb.

TRASEKA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Ulu öndərin həyata keçirdiyi xarici siyasət nəticəsində bu gün Azərbaycanın artıq nəqliyyat HUB-na çevrildiyini qeyd edib. O qeyd edib ki, Ulu öndərin təşəbbüsü ilə reallaşan bu layihə müasir dövrdə öz önəmini ortaya qoyur:
- Xüsusilə, COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi alternativ marşurutların, Avropa-Asiya yerüstü nəqliyyat kommunikasiyalarının mövcudluğunun önəmini bir daha göstərdi. Pandemiya zamanı dəniz daşımalarında çətinliklərin olması yerüstü nəqliyyat dəhlizlərindən keçən, o cümlədən dəmir yolu ilə daşınan yüklərin həcmini artırdı. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin apardığı güclü xarici iqtisadi siyasətin bəhrəsidir, R.Bayramov vurğulayıb.


Milli katib bildirib ki, TRASEKA layihəsinin reallaşmağa başladığı ilk illərdən 2016-cı ilə qədər Avropa İttifaqının texniki dəstəyi ilə 68 layihə icra olunub: “TRASEKA layihəsi çərçivsində infrastrukturun genişləndirilməsi üçün 4 milyarda yaxın investisiya yatırılıb. Əsas məqsəd dəmir yolu, liman və yerüstü nəqliyyatın imkanlarının araşdırılması, optimallaşdırılması və genişləndirilməsi idi. Azərbaycan 20 ildən çox dövr ərzində bütün infrastruktur layihələrini həyata keçirib. Bunu avtomobil, dəmir yollarının genişləndirilməsi, Bakı-Tbilisi- Qars dəmir yolunun çəkilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşasında görmək olar. Bu işlər həm Ümumilli lider Heydər Əliyevin, həm də onun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində olub. Artıq 10 il əvvəl təməli qoyulan layihələr öz nəticəsini verir”.

TRASEKA çərçivəsində önəmli və ümumi daşımaların 61 faizi dəmir yolunun payına düşür. R.Bayramov qeyd edib ki, bu istiqamətdə TRASEKA tərəfindən bir neçə layihə icraatdadır və ölkələr arasında razılaşdılılır:
“Biri ÇİN-MDB qaimənin tətbiqidir. Həm Avropa, həm də MDB ölkələri arasında iki sistem mövcuddur. Biri Çin qaiməsini istifadə edir, digərləri MDB. Hal-hazırda TRASEKA və beynəlxalq dəmiryolçuları təşkilarının iştirakı ilə sərhədlərinin hormonizasiyası prosesi başlanılıb. Bu çərçivədə 2023-cü ilin may ayında 5 ölkə - Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Ukrayna ölkələri arasında memorandum imzalanıb. Bundan əlavə, TRASEKA çərçivəsində elektron sənədlərin tətbiqi, eyni zamanda Çin-MDB qaimənin elektron versiyasının istifadə edilməsi ilə bağlı layihələr işlənilir. Bu, bizə imkan yaradacaq ki, transsərhəd dəmiryolu daşımaları daha çevik, daha tez həyata keçirilsin. Elektronlaşma nəqliyyat daşımalarının vaxtı ilə yanaşı, qiymətinə də qəanet edəcək”.


Orta Asiyadan gətirilən yüklər Azərbaycan üzərindən iki istiqamətdə şaxələndirilir: biri Gürcüstan limanları vasitəsilə cənubi Avropa ölkələrinə, Rumıniya Bolqarıstana, digəri Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyə, oradan isə Avropaya ölkələrinə daşınır. Əsas istiqamət Orta Asiya-Cənubi Avropa istiqamətdir.

R.Bayramovun sözlərinə görə, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesində atılan önəmli addımlardan biri Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizləri layihələridir. O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu TRASEKA-nın ayrılmaz hissəsidir və pandemiya dönəmində limanlar işləməyəndə bu dəmiryoluna böyük ehtiyac yaranmışdı.

TRASEKA layihəsinin reallaşmağa başladığı dövrdən bu günə qədər yükdaşmalar 3-4 dəfə artıb.
Hal-hazırda TRASEKA çərçivəsində ümumi dəhliz üzrə 28 milyon tona qədər yük daşınır. Bunun 61 faizi dəmiryolu nəqliyyatına, 39 faizi avtomobil yolları, 1 faizi isə hava daşımalarına düşür. Geosiyasi hadisələr TRASEKA çərçivəsində daşımalara 3 qat təsir edib. Rusiya üzərindən keçən yüklərin 30 faizi bizim marşruta keçib”, R.Bayramov əlavə edib.


O qeyd edib ki, Orta Asiyadan daşınan yüklərin həcminin artırılması, buna uyğun infrastrukturun formalaşdırılması istiqamətində işlər görülür: “Bu ilin əvvəlində elan olunmuşdu ki, Bakı-Tbilisi-Qars dəmiryolunun paramentlərinə yenidən baxılacaq və genişləndiriləcək. Bu çərçivədə TRASEKA-ya üzv ölkələrin genişləndirilməsi nəzərdə tutulur. Türkmənistanla danışıqlar gedir və ilin sonuna onun da təşkilata üzv olması nəzərdə tutulur”.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkənin qlobal nəqliyyat sistemində ən qısa nəqliyyat dəhlizlərinin yaradılmasında rolunu əhəmiyyətli dərəcədə artırır. Bu da Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafını stimullaşdırır və tranzit potensialından maksimum istifadəni aktuallaşdırır.

Beynəlxalq inteqrasiyada Azərbaycan ərazisindən keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin də əhəmiyyəti böyükdür. Bu marşurut qonşu Rusiya və İran ərazisindən keçməklə, Yaxın Şərqdən və Cənubi Şərqi Asiyadan Avropaya daşınan yüklərin sürətini bir neçə dəfə artıracaq.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması üçün töhfə verən ölkələrdəndir.
“Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün infrastrukturun formalaşmasına xüsusi maliyyə investisiyası həyata keçirib, cənubda dəmir yolu xəti çəkilib. O cümlədən Şərq-Qərb dəhlizinin reallaşmasında Azərbaycan kifayət qədər aktiv siyasət həyata keçirir. Təbii ki, Ulu öndərin bütövlükdə təməlini qoyduğu iqtisadi-siyasət həm də Azərbaycan üzərindən beynəlxalq yüklərinin həcminin artırılmasına xidmət edirdi. Prezident ilham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirilən siyasətdə infrastrukturun genişləndirilməsini, nəqliyyat-logistik imkanlarının artırılmasını, eyni zamanda elektron xidmətlərdən daha çox istifadə edilməsini müşahidə edirik.

Bu da təbii ki, 2022-ci ildə Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artımın qeydə alınmasına imkan yaradıb. Azərbaycan fövlət büdcəsindən 2022-ci ildə 200 milyon manata yaxın vəsaiti Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə imkanlarının genişləndirilməsi üçün yönəldib. Bu imkan verəcək ki, dəmiryolu xəttinin ötürmə imkanları 1 milyon tondan 5 milyon tona qədər yüksəlsin”.


Deputat digər mühüm məqamlardan birinin Zəngəzur dəhlizinin reallaşması olduğunu qeyd edib. O bildirib ki, dəhliz açılsa Azərbaycan və region üzərindən daşınan yüklərin həcmində, o cümlədən dəmiryolu daşımalarında ciddi artımlar olacaq:
“Beləliklə, növbəti dövrdə Azərbaycan üzərindən beynəlxalq yüklərin daşınması və bu sahədən dövlət büdcəsinə daxilolmaların artmasını müşahidə edəcəyik. Bu, qeyri-neft sektorunun inkişafı baxımından yeni imkanlar deməkdir və Azərbaycan ixrac imkanlarının genişləndirməsinə xidmət edir. Nəticədə Azərbaycanın növbəti mərhələdə yeni nəqliyyat və logistik layihələrinin reallaşdırılmasında aktiv iştirakını davam etdirməsinə və bütövlükdə regional təhlükəsizliyə töhfəsini genişləndirməsinə imkan verəcək”.

Beləliklə, Azərbaycanın əlverişli geoiqtisadi mövqeyi ona həm Şərq-Qərb, həm də Şimal-Cənub əlaqələrində əsas körpü rolunda çıxış etməyə imkan verir. Faktiki olaraq iki nəhəng nəqliyyat dəhlizinə qoşulan Azərbaycan özünün iqtisadi müstəqilliyini artırmaqla yanaşı, həm də Avropa və dünya bazarlarına alternativ nəqliyyat marşrutları ilə çıxmaq imkanı qazanır, regionda enerji və yük axınları üçün qovşaq rolunu oynayır.

Ümummilli lider Heydər Əliyevin strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində bu gün Azərbaycanın Avropanın nəqliyyat-kommunikasiya, yükdaşımaları və enerji təhlükəsizliyində mühüm rol oynadığı hamı tərəfindən birmənalı etiraf olunur.

Aytən Bağırova
Yazı "Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

AzVision.az


Teqlər: TRASEKA   İpəkYolu  





Xəbər lenti