İranın daha 13 şəxsi və qurumu Londonun sanksiya məngənəsinə düşüb

İranın daha 13 şəxsi və qurumu Londonun sanksiya məngənəsinə düşüb
  07 İyul 2023    Oxunub:1138
Böyük Britaniya İran hökumətini bu ölkədəki Britaniya vətəndaşlarını və sakinlərini hədəfə almasında, insan haqlarını pozmasında günahlandıraraq, İranın daha 13 rəsmisini və qurumunu özünün sanksiyalar siyahısına əlavə edib.
AzVision.az Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverlinin ölkə parlamentindəki çıxışına istinadən bildirir ki, sanksiyalar həm də Tehranın Londona və onun müttəfiqlərinə qarşı etdiyi təhdidlərə cavab verməsi üçündür.

Sanksiya paketində İranın Mədəni inqilabın ali şurasının katibi Əbdülhüseyn Xosrovpənah, Kiberməkan ali şurasının katibi Məhəmmədəmin Ağamiri və bir sıra həbsxanaların rəisləri, habelə İranın kibertəhlükəsizliklə bağlı İranın dövlət qurumları yer alıblar.

“Britaniya hökuməti Britaniyada və ya müttəfiq ölkələrin ərazisində və bütün dünyada “düşmənçilik fəaliyyəti” ilə məşğul olan şəxslərə və qurumlara sanksiya tətbiq etmək səlahiyyətlərinin genişləndirilməsi üçün yeni meyarlar müəyyənləşdirib. Yaxın Şərqdə və ya beynəlxalq səviyyədə sülh, sabitlik və təhlükəsizliyə xələl gətirən şəxslər və ya qruplar sanksiyalara məruz qalacaq. Rişi Sunak hökuməti sanksiyalardan istifadə etməməyə üstünlük verib və Tehranla gərginliyi artırmağa çalışmır, lakin İran öz acınacaqlı hərəkətlərindən geri çəkilməyənə qədər səssiz qalmaq olmaz”, - Kleverli deyib.

Britaniya Xarici İşlər nazirliyinin rəsmiləri London hökumətinin İranın Yəməndəki husilərə və Ukraynadakı müharibə cəbhələrində istifadə üçün Rusiya ordusuna hələ də silah göndərdiyini göstərən dəlilləri BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edəcəyini açıqlayıblar.

Ceyms Kleverli isə ötən həftənin sonlarında Londonda “Əl-Ərəbiyyə” kanalına müsahibəsində İran hökumətini husiləri hərbi texnika ilə təchiz etməkdən çəkinməyə çağırıb.

İran Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani Qərb ölkələrinin Tehrana qarşı son sanksiyalarının cavabsız qalmayacağını bildirib.

- İranın daxili işlərinə müdaxilə reaksiyasız olmayacaq və İran dövlətdən pul qoparmaq məqsədi daşıyan siyasi təzyiqlərin təsirinə məruz qalmayacaq”, - Kənani deyib.
AzVision.az




Teqlər: Britaniya   İran  





Xəbər lenti