İran içməyə yararlı çirkab sularından istifadə edəcək

İran içməyə yararlı çirkab sularından istifadə edəcək
  04 İyul 2023    Oxunub:1144
Hazırda İranın üzləşdiyi ən ciddi problemlərdən biri də içməli su qıtlığıdır. Bir müddət əvvəl qonşu Əfqanıstanla Hirmənd çayının su resursları ətrafında sərhəddə yaşanan silahlı toqquşma bu problemi daha da qabartdı. Bu fonda bəzi iranlı məmurlar problemin həlli üçün “maraqlı” təkilflər irəli sürürlər.

AzVision.az Tehran vilayətinin Su və Tullantı suları şirkətinin baş direktoru Möhsün Ərdəkaniyə istinadən bildirir ki, Tehran vilayətindəki minlərlə su quyusundan bəziləri içməli keyfiyyətə malikdir və onlar istifadəyə veriləcək.

Amma Ərdəkani içməli su keyfiyyətinə malik çirkab suların hansı sahədə istifadə olunacağını açıqlamayıb. Yeri gəlmişkən, ötən il ölkənin su və kanalizasiya mühəndisliyi şirkətinin baş direktoru Atabek Cəfəri qeyri-məişət sektorları üçün kanalizasiya mübadiləsinin işə salındığını bildirmişdi.

Bir çox ölkələr demək olar ki, bütün məişət çirkab sularını təmizləyərək onun tullantılarını kənd təsərrüfatı və sənaye sektorlarına çatdırsa da, İranın Energetika nazirliyinin statistikasına əsasən, bu ilin ilk 5 ayında bütün ölkədə çirkab sutəmizləyici qurğuların nominal gücü sutkada cəmi 5,8 milyon kubmetr olub.

Bu isə o deməkdir ki, əgər onların hamısı tam gücü ilə işləsə, hər il cəmi 2,1 milyard kubmetr çirkab sularını təmizləyə bilər ki, bu da məişət su istehlakının 25%-dən də azdır.
Digər tərəfdən, məişət sektoruna verilən 9 milyard kubmetr suyun 65%-dən az hissəsi təmizlənmiş və sağlamdır, qalan hissəsi isə təmizləyici qurğulardan keçmədən içməli su kimi məişət sektoruna çatdırılır.

Bu amillərin məcmusu ölkədə su böhranını daha da gücləndirir. Son bir neçə gündə paytaxtın bəzi ərazilərində suyun kəsilməsi, eləcə də ölkədə suyun normaya salınması ilə bağlı çoxsaylı məlumatlar yayılıb.

Ərdəkaninin sözlərinə görə, bu il Tehranda yağıntının miqdarı ötən illə müqayisədə 5% azalması hazırda bəndlərdəki su ehtiyatının miqdarının ötən illə müqayisədə 40% enməsinə də öz təsirini göstərib.

İranın Energetika nazirliyinin açqıladığı statistik rəqəmlər ötən günəş ilində hasil edilmiş 9 milyard kubmetr həcmində məişət suyunun 2 milyard kubmetrinin aqrar sahənin, qalanının isə şəhər təsərrüfatlarının payına düşdüyünü göstərir.

Hazırda İran şəhərlərində istifadə edilən suyun yarıdan çoxu, kənd yerlərində isə içməli suyun 75%-i yeraltı mənbələrdən hasil olunur.
AzVision.az


Teqlər: İran   su  





Xəbər lenti