"Le Monde" qəzeti yazır ki, İrlandiyanın "RyanAir" və digər aşağı büdcəli aviaşirkətlərinin əsas istifadə məkanı sayılan Bove hava limanındakı dispetçerlərin eniş və uçuşları qəbul etməməsinə səbəb onların yeni gərgin iş şəraitinə etiraz etmələri olub.
Fransada polisin öldürdüyü yeniyetmənin dostu: "Onun necə titrədiyini gördüm" |
Amerikanın məşhur Fox News nəşri isə yazır ki, bu həftə Parisə gedən səyahətçilərin istirahət planları arzuolunmaz hadisələrlə yekunlaşa bilər. Çünki turistlərin polisə itaətsizlik göstərən qəzəbli kütlə və böyük izdihamla qarşılaşmaq ehtimalı xeyli artıb.
Bundan başqa, hava limanlarının fəaliyyətini dayandırmaq təhlükəsi də qalmaqdadır. Çünki iğtişaşlar hər ötən gün daha da artır. Hətta Fransanın müxtəlif bölgələrinə 40 minə yaxın polisin və ya onlara bağlı hüquq-mühafizə əməkdaklarının yerləşdirilməsi ölkədə vəziyyətin hansı həddə gəlib çıxmasından xəbər verir. Əksər səyahətçilərə isə hansı bölgələrdə günün müəyyən vaxtlarında komendant saatlarına əməl etmələri, təhlükəli məkanlar barədə zəruri bilgilər də verilmir.
Artıq ABŞ rəsmiləri yay tətilini Parisdə keçirməyi planlaşdıran vətəndaşlara təhlükəsizlik tədbirləri ilə bağlı xəbərdarlıqlar ediblər. Dövlət Departamentinin sözçüsü Fox News-a verdiyi açıqlamada, deyib ki, "təmsil etdiyi qurumun xaricdəki ABŞ vətəndaşlarının təhlükəsizliyindən daha üstün prioriteti yoxdur".
“Biz xaricə səyahət edən ABŞ vətəndaşlarına Smart Traveler Enrollment Program-ında qeydiyyatdan keçməyi təşviq edirik. Onlar təyinat yerləri haqqında vacib kommunikasiya və mesajları birbaşa ala bilirlər. O cümlədən, proqramdan istifadə etsinlər ki, vaxtında olunan xəbərdarlıqlar və səyahət məsləhətləri yeniləmələrini birbaşa ala bilsinlər. Belə olan halda səfirlik də onlara fövqəladə vəziyyətdə kömək göstərə bilər", - ABŞ rəsmisi deyib.
ABŞ-ın digər aidiyyəti qurumları da "Fransada terror təhlükələri və vətəndaş iğtişaşları səbəbindən ehtiyatlı olun" xəbərdarlığını yayırlar.
Məlumatda vətəndaşlara xatırladılıb ki, “Parisdə və Fransanın digər şəhərlərində nümayişlər, tətilləra müntəzəm şəkildə baş verir. Bu isə nəqliyyatı fəaliyyətinə mənfi təsir edə bilər. Nümayişlər zorakılıq və mülklərə maddi ziyanla müşayiət olunub. Polis isə kütləyə su şırnaqları və gözyaşardıcı qazla cavab verir”.
Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı əlcəzairəsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.
Bir neçə gündür davam edən etiraz aksiyalarında 1 000-ə yaxın adam saxlanılıb, 79 nəfər yaralanıb, 1 350 avtomobil yandırılıb, 31 polis bölməsi, 16 bələdiyyə polis bölməsi və 11 jandarma kazarması daxil olmaqla, 234 binaya ziyan dəyib.
Tural Tağıyev
AzVision.az