Müharibə veteranı rəssamın sərgisi keçirilir – VİDEO

Müharibə veteranı rəssamın sərgisi keçirilir –    VİDEO
  25 İyun 2023    Oxunub:1601
İyunun 23-də Bakıda, “SAPPHIRE BAYIL HOTEL”də Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tərlan Eyvazovun fərdi sərgisinin açılış mərasimi keçirilib. Rəssamın yaradıcılığından və ictimai fəaliyyətindən bəhs edən albom-kataloqun təqdimatı olub.
Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilmiş sərginin təşkilinə və albom-kataloqun nəşrinə ölkəmizin tanınmış sahibkarlıq subyektlərindən olan “AZMAN HOLDİNG”in təsisçiləri - iş adamları Rəşad Məmmədov və Azər Əsgərov dəstək veriblər.

Tədbirdə deputatlar, müharibə veteranları, yaradıcılıq təşkilatlarının nümayəndələri, ictimai fəallar, jurnalistlər, rəssamın həmkarları iştirak ediblər.


Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

“AZMAN HOLDİNG”in media ilə əlaqələr üzrə meneceri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov sərgi-təqdimatı qəhrəman Azərbaycan Ordusuna, rəşadətli əsgər, gizir və zabitlərimizə tükənməz sevgi və ehtiramın ifadəsi kimi səciyyələndirib, təmsil etdiyi qurumun və onun təsisçilərinin milli-mənəvi dəyərlərimizin, o cümlədən hərb tariximizin təbliğinə daim dəstək göstərdiklərini diqqətə çatdırıb.

Həm rəssam, həm də fəal ictimaiyyətçi kimi cəmiyyətdə böyük rəğbət qazanmış veteran-zabit və rəssam Tərlan Eyvazovun yaradıcılığında onun şəxsən iştirakçısı olduğu müharibələrin ağrı-acılarının, həmçinin hərbi qələbələrimizə mühüm töhfələr vermiş hərbçilərin obrazının əsas yer tutduğu bildirilib. İstedadlı rəssamın portret janrı ilə yanaşı, mənzərə, natrümort, tarixi-mifoloji və s. janrlarda da baxımlı yaradıcılıq işlərinin olduğu, bunların bir qisminin sərgidə nümayiş etdirildiyi, albom-kataloqda verildiyi vurğulanıb.

Tədbirdə çıxış edənlər Tərlan Eyvazovun vətəndaş, hərbçi, insənət adamı, pedaqoq, ictimai xadim və dost kimi özünəməxsus xüsusiyyətlərindən danışıb, müxtəlif üslubda və janrlarda yaratdığı rəngkarlıq nümunələrinin bədii-estetik səviyyəsini dəyərləndirib, ona çoxşaxəli fəaliyyətində yeni uğurlar, nailiyyətlər arzulayıblar.

Tərlan Eyvazov sərginin təşkilinə və albom-kataloqun nəşrinə dəstək verənlərə, həmçinin tədbirin iştirakçılarına və yaradıcılığı haqqında xoş sözlər söyləyənlərə təşəkkür edib.

Sonra tədbir iştirakçıları sərgiyə baxıblar; onların hər birinə rəssamın avtoqrafı olan albom-kataloq hədiyyə edilib.

Xatırladaq ki, AZMAN HOLDİNG” çoxsaylı mədəni-kütləvi layihələrə dəstək verməklə yanaşı, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, hərbçilərə və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə yardım göstərib.


Teqlər: İncəsənət   Sərgi   Rəsm  





Xəbər lenti