ABŞ: İranla “müvəqqəti razılaşma” barədə danışıqlar aparmırıq
Administrasiya rəsmisi müsahibəsində ABŞ-İran təmasları ilə bağlı mediada yayılan xəbərləri təkzib etməsə də, müvəqqəti nüvə sazişi ilə bağlı təkliflər barədə deyilənlərin yalan olduğunu bildirib.
“Biz onlara böhranın qarşısını almaq üçün hansı eskalasiya tədbirlərindən qaçmalı olduqlarını və gərginliyi azaltmaq və daha müsbət mühit yaratmaq üçün hansı addımları ata biləcəklərini açıqladıq” - məlumatda deyilir.
Yeri gəlmişkən, ötən həftə Ağ evin Milli Təhlükəsizlik şurasının sözçüsü Metyu Miller “Middle East Eye” saytının İranın nüvə problemi üzrə Vaşinqtonla Tehranın müvəqqəti razılaşmaya yaxınlaşması ilə bağlı bütün xəbərləri yanlış və aldadıcı adlandırdı.
Bununla belə, Amerikanın “Axios” internet saytı üç məlumatlı mənbəyə istinadən İran və ABŞ rəsmilərinin keçən ay Omanda dolayı danışıqlar apardıqları, omanlıların isə ayrı-ayrı otaqlarda məskunlaşan İran və ABŞ təmsilçilərinə mesajlar ötürürdükləri barədə xəbər yaydı. Bu xəbərdə Ağ evin Milli Təhlükəsizlik şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerkin İranın nüvə müzakirələri üzrə baş məsul şəxs Əli Baqeri Kenni ilə dolayı danışıqlar apardığı bildirilirdi.
Maraqlıdır ki, Vaşinqtonun bu qəbildən olan bütün xəbərləri təkzib etməsinə rəğmən, İran Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani Omanın paytaxtında belə danışıqların baş tutduğun nəinki təsdiqləyib, üstəlik onların heç də gizli olmadığını bildirib.
“Embarqonun aradan qaldırılması üçün danışıqların səfərbər olunması məqsədi ilə biz Omanın yüksək səviyyəli rəsmilərinin bir neçə həftə əvvəl verdikləri təkliflərini alqışladıq və məktublaşma mübadiləsi davam edir. Biz əvvəlki kimi eyni razılaşmanı (JCPOA) axtarırıq və qarşı tərəflə danışıqlar aparmaq üçün yeni heç nə yoxdur və davam edən danışıqlar da eyni saziş çərçivəsindədir” , - Nasir Kənani vurğulayıb.
Kənani məhbusların azad edilməsi ilə bağlı danışıqlara da işarə edərək, bu hadisənin yaxın gələcəkdə baş verə biləcəyini və İranın hər iki tərəfdən məhbuslarının tezliklə azad ediləcəyinə ümid bəslədiyini söyləyib. O, Amerikanın blokladığı İran pulları haqqında, bu vəsaitləri bloklayan hökumətlərlə yanaşı, Vaşinqtonla “danışıqlar və dialoqlar” aparıldığını da təsdiqləyib.
Qeyd edək ki, bütün bu məqamlar ötən ilin yayında İranla nüvə sazişini canlandırmaq üçün danışıqlarda çıxılmaz vəziyyətə düşəndən sonra ABŞ və üç Avropa ölkəsinin İranın nüvə proqramının inkişafını dayandırmaq üçün yollar axtarması ilə bağlıdır. Hadisələrin inkişaf məcrası isə ondan xəbər verir ki, böyük siyasətdə ən gözlənilməz gedişlər belə edilə bilər. Hətta strateji müttəfiqlərinin təhlükəsizliyinə rəğmən.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az