İran Rusiyaya verdiyi PUA-larda Çin hissələrindən istifadə edib
Amma Amerikanın “The Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, bu ilin yazında Ukraynada vurulan İran PUA-sının tədqiqatından sonra Qərbdə həmin dronda istifadə edilən Çinə aid hissənin 2023-cü ildə hazırlandığı qənaətinə gəliblər.
Bu xəbərə əsasən, əldə olunan nəticə Çində istehsal olunan əsas hissələrin Tehranın dron proqramını dəstəkləmək üçün İrana axdığının davam etiyini göstərir.
Qəzetin yazdığına görə, müfəttişlərin təhqiqatı Ukraynaya qarşı müharibədə İranın Rusiya ordusunu nə qədər tez təchiz edə biləcəyinə aydınlıq gətirib. Moskvanı Ukraynanın mülki əhalisinə yönəlmiş silahlarla təchiz etmək üçün Tehrana sadəcə “üç ay” lazım olduğu bildirilir.
Ən xoşagəlməz məqam isə bu silahlarda Çin izinin aşkarlanması olub. Belə ki, Ukrayna qüvvələri aprel-may aylarında içərisində “gərginlik çeviricisi” parçası olan İran pilotsuz təyyarəsini vura bilib. Mütəxəssislərin araşdırmaları göstərir ki, sözügedən parça çox güman ki, bu il yanvarın ortalarında Çində istehsal edilib. Maraqlıdır ki, İran dronlarında 2023-cü ildə istehsal olunmuş hissənin tapılması ilk dəfədir.
Ötən ildən Ukraynaya qarşı müharibədə istifadəsi lazım olan silahlar üçün Moskva İran hökumətinə müraciət edib. Rusiya ordusunun İran PUA-larından istifadə etməsi Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın dərinləşməsinin ən bariz nümunəsidir. Ötən ay isə Bayden administrasiyası Rusiya ordusundakı İran pilotsuz təyyarələrinin ehtiyatının tükəndiyini və Moskvanın Tehrandan əlavə PUA-lar tələb etdiyini açıqlamışdı. Bu baxımdan, İran PUA-larında Çində istehsal edilən hissələrin aşkarlanması onsuz da gərgin olan Vaşinqton-Pekin münasibətlərini daha da sərtləşdirə bilər.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az