Hicaba görə Qəzvin Beynəlxalq sərgisini möhürlədilər

   Hicaba görə Qəzvin Beynəlxalq sərgisini möhürlədilər
  12 İyun 2023    Oxunub:1129
Son vaxtlar İrandakı teokratik rejimin “iffət və hicab” qanununu zorla cəmiyyətə qəbul etdirmək cəhdləri ölkədə ciddi narazılıqlara və eksseslərə səbəb olur. İş hətta bəzi tarixi abidələrin və sərgilərin bağlanmasına gətirib çıxarır.
AzVision.az Qəzvin şəhərinin prokuroru Hüseyn Rəcəbiyə istinadən xəbər verir ki, qadınların məcburi hicab taxmaqdan geniş şəkildə imtina etməsi üzündən Qəzvin Beynəlxalq sərgisi bağlanıb.

“Bu məkanda velosiped, motosiklet və ehtiyat hissələrinin sərgisi keçirilərkən sərgi iştirakçılarından bəzilərinin vulqar musiqilər ifa etdiyi, dini və islami ayinlərə əməl etmədikləri, ziyarətçilərin bir qisminin də hicabsız olduğu müşahidə olunub. Bu səbəbdən aparılan araşdırmalarla Qəzvin prokurorluğunun şöbələrindən birində Qəzvin Beynəlxalq sərgisi ilə bağlı məhkəmə işi qaldırılıb və bu sərgi məhkəmə qərarı ilə möhürlənib” - Rəcəbi deyib.

Qəzvin Beynəlxalq sərgilər şirkətinin baş direktoru Əhməd Xorqaminin sözlərinə görə, bu sərgidə Əmr Be Maruf qüvvələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik qüvvələri məkanı idarə etmək və qadınlarla məşğul olmaq üçün geniş tədbirlər görsələr də, bütün “hicabın açılması” hallarının qarşısını almaq mümkün olmayıb.

- Sərginin möhürlənməsi barədə əmri şifahi alsaq da, polisə müqavimət göstərmədik və məhkəmə orqanlarının göstərişini qəbul etdik. Sərginin möhürlənməsinə bir neçə saat qalmış prokuror müavini ilə məsləhətləşmə aparılıb və tam izahatlar verilib. Lakin Qəzvin vilayətinin ədliyyə orqanları sərgi sahəsinin möhürlənməsini məqsədəuyğun hesab ediblər”, - Xorqami deyib.

İranda məcburi hicab taxmaqdan imtina edən qadınların sayının artmasından, xüsusən də “Qadın, Həyat, Azadlıq” etirazlarının başlamasından sonra hökumət orqanları iranlı qadın və qızların vətəndaş itaətsizliyini yatırmaq üçün hərtərəfli kampaniyaya başlayıblar.
Qadınlara qarşı aparılan genişmiqyaslı tədbirlərə, ticarət, peşə, təhsil, turizm, hətta tibb idarələrinin və apteklərin möhürlənməsinə, qadınların inzibati və ictimai xidmətlərdən kənarda qalmasına rəğmən, hakimiyyət indiyədək məcburi hicabın geniş şəkildə tətbiqi müstəvisində uğur qazana bilməyib.
AzVision.az



Teqlər: İran   hicab  





Xəbər lenti