İranın dondurulmuş pullarının bir hissəsi azad ediləcək

   İranın dondurulmuş pullarının bir hissəsi azad ediləcək
  12 İyun 2023    Oxunub:820
Qərbin Tehrana qarşı sanksiyalar paketində əsas məqamlardan biri də İranın xaricdəki aktivlərinin dondurulmasıdır. Bir müddət əvvəl müəyyən şərtlər daxilində həmin pulların bir hissəsinin İrana qaytarılması barədə gedən müzakirələr haqqında xəbər vermişdik. Artıq bu müstəvidə ilkin razılaşmaların əldə olunduğu bildirilir.
AzVision.az bildirir ki, İraqa elektrik enerjisinin və qaz ixracının təminatı məqəsdi ilə İranın blokadaya düşmüş aktivlərindən 2 milyard 760 milyon dolların azad ediləcək. İraqın Xarici İşlər nazirliyinin adı açıqlanmayan rəsmisi “Reuters” agentliyinə belə məlumat verib.

- Qeyd olunan məbləğin buraxılmasına icazə İraqın Xarici İşlər naziri Fuad Hüseynin amerikalı həmkarı Entoni Blinkenlə görüşündə verilib. Bu görüş Səudiyyə Ərəbistanında Birləşmiş Ştatlar ilə Fars Körfəzi Əməkdaşlıq şurasının üzvlərinin birgə iclası çərçivəsində keçirilib”, - məlumatda deyilir.

Həmçinin, İraq Xarici İşlər nazirliyinin sözçüsü Əhməd əs-Səhaf keçirdiyi mətbuat konfransında əlavə təfərrüatlara varmadan Fuad Hüseynin Səudiyyə Ərəbistanında amerikalı həmkarı ilə görüşündə İraqın İrana olan maliyyə borcları ilə bağlı irəliləyişin də əldə oluduğunu söyləyib.

ABŞ-nin sanksiyalarına əsasən, İrandan İraqa idxal olunan elektrik enerjisi və qazın ödənişinin yalnız İranın İraq Ticarət bankındakı hesabına İraq dinarı ilə ödənməsinə icazə verilir. İran isə bu resurslardan yalnız İraqdan humanitar malların idxalı üçün istifadə edə bilər.

Bununla belə, İranın İraqdan humanitar mal idxalı son dərəcə azdır. Digər tərəfdən, İranın İraqa qeyri-neft ixracı (elektrik enerjisi və qaz istisna olmaqla) bu ölkədən idxaldan 10 dəfə çoxdur. Bu isə o deməkdir ki, İranın elektrik enerjisi və qaz ixrac pullarını humanitar malların idxalı üçün istifadə etməyə praktiki olaraq imkanı yoxdur.
AzVision.az


Teqlər: İran   İraq  





Xəbər lenti