İran və ABŞ Omanda dolayı danışıqlar aparıblar
“Axios” saytı, öz növbəsində, yaydığı xəbərin 3 mənbədən aldığı məlumata əsaslandığını iddia edib.
“Ağ evin Milli Təhlükəsizlik şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk ötən ayın əvvəlində Omana İranla ölkənin nüvə proqramı ilə bağlı mümkün diplomatik danışıqlarla bağlı səssiz səfər edib. Brett Makqerk Omana gəlişi ilə eyni vaxtda İran nümayəndə heyəti də Maskata gəlib və bu heyətdə İranın baş nüvə müzakirəçisi Əli Baqeri Kəni də iştirak edib. Brett Makqurk və İran rəsmiləri görüşməyib. Daha doğrusu, iki tərəf ayrı-ayrı yerlərdə iştirak ediblər, Oman rəsmiləri isə onların arasında gəzərək mesajlar çatdırıblar” - məlumatda deyilir.
Vaşinqtonun Tehranla pərdəarxası diplomatik təmaslar qurmaq cəhdləri barədə son vaxtlar səsləndirilən iddialar Təl-Əvivi ciddi şəkildə narahat edir. İki gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefon danışığı da məhz bu narahatlıqdan irəli gələn şübhələrin aradan qaldırılmasını nəzərdə tuturdu. Amma “Axios”un yaydığı xəbər bu müstəvidə Təl-Əvivi narahat edən məqamların qaldığını göstərir.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az