Susuz el (v)İran olar: Kabil Tehranı niyə "yandırıb, yaxır"

      Susuz el (v)İran olar:    Kabil Tehranı niyə    "yandırıb, yaxır"
  03 İyun 2023    Oxunub:1611
Son zamanlar İran və Əfqanıstan arasındakı gərginlik diplomatik mübahisə və bölgədəki münaqişələrlə daha çox özünü büruzə verməyə başlayıb. Taliban qüvvələri ilə İran əsgərləri arasındakı toqquşmalar dünya tərəfindən də yaxından izlənililir.
Onsuz da siyasi cəhətdən bir birinə zidd qütblərdə olan İran və Əfqanıstan arasında problem nədən qaynaqlanır? Səbəb bir sıra qonşu ölkələrdə də olan transsərhəd çaylar problemidir.

Qlobal istiləşmə nəticəsində quraqlığın artması və yağıntıların azalması su çatışmazlığı olan ölkələrdə transsərhəd çaylar məsələsini daha da aktuallaşdırıb.

Məsələn, əkinçiliklə məşğul olan Misirdə Nil deltasının susuz qalması ehtimalı müharibə mövzusunu gündəmə gətirib. Efiopiyanın Nil çayı üzərində inşa etdiyi "Renessans" su anbarı illərdir Afrikanın müzakirə etdiyi ən böyük problemdir. Bu, iki ölkə arasında qaynar münaqişəyə səbəb ola biləcək çətin məsələdir.

Kabillə Tehran arasındakı problemin əsas mənbəyi də Əfqanıstandan başlayan İranda dənizə axan çaylardır. Əfqanıstan və İran arasında Hilmənd su yolundakı problem 1973-cü ildə əldə olunan razılaşma ilə həll olunmuşdu.



Müqaviləyə əsasən, Əfqanıstan İrana "normal şəraitdə" saniyədə 26 kubmetr su verməyi öhdəsinə götürmüşdü. Bunun 22 kubmetri “İranın su hüququ”, 4 kubmetri isə Əfqanıstanın İrana qarşı “xoşməramlı göstəricisi” olaraq təyin olunub. Lakin müqavilədəki “normal şərtlər” ifadəsi su qıtlığı və ya quraqlıq dövrlərini əhatə etmir. Əfqanıstan infrastrukturun olmaması səbəbindən mövcud suyun yalnız 30 faizini istifadə edə bilirdi. Yalnız Əşrəf Qaninin 2014-cü ildə prezidentliyindən sonra ölkədə su anbarının tikintisinə başlanılıb. Bu çərçivədə Əfqanıstanın İranla sərhədindəki Herat, Hilmənd, Nirmruz və Fərəh vilayətlərində 20-yə yaxın anbarın inşa edilməsi planlaşdırılırdı. Dünyanın ən quraq ölkələrindən biri olan İranın şərq bölgəsində bir çox yaşayış məntəqələri su ehtiyaclarını əsasən Əfqanıstandan torpaqlarına axan çaylar hesabına ödəyir. Beləliklə, Kabil administrasiyasının bölgədə başlatdığı bənd layihələri Tehranı narahat etməyə başlayıb.

İran dəfələrlə Əfqanıstanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə və çayın istiqamətini dəyişməkdə ittiham edib.

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani "Kamal Xan" bəndinin açılışında bildirmişdi:" Hilmənd çayı illərdir Əfqanıstandan ərazisindən çıxır. Lakin bu gün idarə əfqanların əlindədir və neft müqabilində İranla su mübadiləsi aparılacaq". İranın keçmiş prezidenti Həsən Ruhani Əşrəf Qaninin o zamankı açıqlamalarına etiraz edərək, ölkəsinin Hilmənd çayının sularından öz payını almaq hüququnu müdafiə etmişdi.

1998-2001-ci illərdə bölgədə baş verən kəskin quraqlıq zamanı Taliban Hilmənd çayının qarşısını kəsmişdi. Bu vəziyyət İranın Sistan-Bəlucistan bölgəsinə ciddi təsir göstərmişdi. Ərazidə kənd təsərrüfatı fəaliyyətləri demək olar ki, məhv olmaq dərəcəsinə çatmış, yüz minlərlə insan köçmək məcburiyyətində qalmışdı. Həmin vaxt İran məsələni BMT-yə çıxarmaqla yanaşı, sərhəd bölgəsində təcili bəndlər tikməklə tədbir görməyə çalışmışdı.



“Talibanla İran arasında söz davası”

Son zamanlar İranın Bəlucistan bölgəsi yenidən su qıtlığı ilə üzləşib.
Hilmənd çayının töküldüyü Hamun gölünün quruması bölgənin həyatı üçün təhlükə yaradan ən mühüm amildir. İranlılar gölün qurumasına səbəb kimi Hilmənd çayı üzərində tikilmiş bəndləri göstərirlər. İş o yerə çatıb ki, vətəndaşlar etiraz nümayişlərində hökmətdən İranın su payının ölkə ərazisinə çatdırılmasını istəyirlər.

İran prezidenti İbrahim Rəisi də bu mövzuda Talibanı açıq şəkildə təhdid etməkdən çəkinməyib: "Əfqanıstan idarəçilərinə bildirirəm ki, tələblərimizlə normal şəkildə məşğul olsunlar. Onlar bizimlə ciddi şəkildə əlaqə saxlamalıdırlar. Mən Əfqanıstandakı səlahiyyətlilərə və idarəçilərə xəbərdarlıq edirəm ki, Sistan və Bəlucistan bölgəsində vətəndaşların tələblərini tez yerinə yetirsinlər".

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da müqaviləyə əsasən, su ilə təminatın İranın təbii haqqı olduğunu vurğulayıb: "Lazım gələrsə, Əfqanıstan hökumətinin bu məsələdə İranla əməkdaşlıq etməyən bir hissəsi üçün təzyiq alətlərindən istifadə ediləcək", deyə qeyd edib. Əfqanıstandan da İrana cavab gecikməyib.

Taliban sözçüsü Zabihullah Mücahid Əfqanıstan və İran arasında 1973-cü ildə imzalanmış və o dövrdə Helmand çayında su problemini həll edən sazişə və sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sadiq olduqları vurğulanıb.

Əfqanıstanda son vaxtlar baş verən şiddətli quraqlıq səbəbindən çayda suyun səviyyəsinin xeyli aşağı düşdüyünü və kifayət qədər suyun olmadığını vurğulayan Mücahid vəziyyət düzəldikdə razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetiriləcəyini qeyd edib.

Talibanın sözçüsü Əfqanıstanın İran sərhədində yerləşən Nimruz əyalətindəki "Kamal Xan" bəndində belə suyun olmadığını vurğulayıb: "Kajeki bəndindəki su axıdılsa, buxarlanma səbəbindən ora (Kamal Xan bəndi) çata bilməyəcək. Ona görə də İran tərəfi bu faktları dərk etməlidir. Belə olan halda İranın dəfələrlə su tələb etməsi və mətbuatdakı yersiz bəyanatlar ilə rastlaşırıq. Düzgün rəftar edilməsə və bu cür bəyanatlar verilərsə, iki ölkə arasında siyasi ab-hava pozula bilər. Bu, heç bir tərəfin marağında deyil və təkrarlanmamalıdır".

Əfqanıstanın yüksək səviyyəli hərbi rəhbərlərindən biri çay kənarına gedərək plastik qabı su ilə doldurub İran prezidentinə müraciət edib: "Bu suyu götür və hədələməni dayandır. Bundan artıq bizi hədələmə. Biz səndən qorxmuruq".



Bölgə toqquşmaları

İki ölkə arasındakı su problemi bölgədəki gərginliyə də təsir edib. İlk növbədə hər iki ölkənin sərhədə hərbçiləri göndərməsinə dair görüntülər mediayada yer alıb. İki İran sərhədçisi Talibanla toqquşmada vəfat edib. Bu hadisədən sonra həm İran, həm də Əfqanıstandan yüksək dozalı mesajlar gəlməyə başladı.

Taliban hökumətinin aparıcı simalarından biri olan və Nasser Badri kimi tanınan Əbdülhəmid Xorasani video yayımlayaraq Taliban əsgərlərinin amerikalılara qarşı apardığı mübarizədən daha böyük şövqlə döyüşəcəklərini deyib. Bir həftə sonra sərhəddə yenidən toqquşmalar başlayıb.

İran iddia edib ki, toqquşmalara səbəb Taliban ünsürlərinin İran ərazisinə soxulmaq cəhdi olub. Mayın 27-də yenidən İran-Əfqanıstan sərhədində şiddətli toqquşmalar və atışma səsləri eşidilib. İranın Bəlucistan sərhəd təhlükəsizlik bölməsi "naməlum silahlı şəxslərin" Əfqanıstandan İrana daxil olmaq niyyətində olduğunu və bunun qarşıdurmalara səbəb olduğunu açıqlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: İran   Əfqanıstan  





Xəbər lenti