Azərbaycanlıların döyülməsilə başlayan gərginlik davam edir

Azərbaycanlıların döyülməsilə başlayan gərginlik davam edir
  30 May 2014    Oxunub:1210
Ötən gecə Gürcüstanın Qardabanı rayonunda azərbaycanlı və gürcü gənclərin davası ilə başlayan gərginlik davam edir.

AzVision.az-ın `Exo Kavkaza`ya dayanaraq verdiyi məlumata görə, gecə `Vahid Milli Hərəkat` Partiyasının yerli liderlərindən biri Ramin Bayramova və daha dörd nəfər fəala hücum olub. Ondan sonra hakim `Gürcü arzusu` koalisiyasının daha 15 fəalının gəldiyi çayxanada dava davam edib.

Polis gəlsə də, hadisənin kütləvi davaya çevrilməsinin qarşısını ala bilməyib. 200 nəfərlik kütləni saitləşdirmək üçün polis havaya atəş açıb.

Verilən məlumata görə, toqquşma etnik yox, siyasi xarakter daşıyır. Və Gürcüstanda iyunun 15-də keçiriləcək bələdiyyə seçkisilə bağlıdır.

Qardabanidə gərginlik indi də qalmaqdadır, gün ərzində daha bir neçə insident yaşanıb.

AzVision.az-ın `Frontnews`-a istinadla verdiyi xəbərə görə, 300 nəfər azərbaycanlı rayonun mərkəzində toplaşaraq, gecəki hadisənin günahkarlarının cəzalandırılmasını tələb edir. Hadisə yerinə gələn Kvemo Kartlinin qubernatoru vəziyyəti araşdıracağına söz verib.

`Vahid Milli Hərəkat`ın təmsilçiləri iddia edirlər ki, `Gürcü Arzusu` koalisiyası onlara seçki kampaniyası keçirməyə imkan vermir. Qurumun seçki qərərgahının rəisi Qiqi Uqulava bildirib ki, gecəki toqquşmada yerli hakimiyyət nümayəndələri də iştirak ediblər.

Mövzunu diqqətdə saxlayacağıq.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti