ABŞ neft ehtiyatlarını bərpa edə bilmir
Qəzetdə dərc olunan materialda bildirilir ki, hazırda bir barrel üçün 70 dollar civarında olan neft qiymətləri ehtiyatların artırılması üçün sərfəli məzənnədir. Təkcə 2022-ci ildə indiki Amerika administrasiyasının təşəbbüsü ilə strateji ehtiyatda olan 180 milyon barrel neft orta hesabla 95 dollardan satılıb. Ümumilikdə isə Co Baydenin prezidentliyi ərzində strateji ehtiyatdan 290 milyon barrel neft bazara çıxarılıb.
İndi neft ehtiyatlarının bərpası davam etsə də, bu, planlaşdırıldığından çox zəif templə gedir. Proqram 50 milyon barrel nefti alınmasını nəzərdə tutur. Çünki hazırda ehtiyatlar son dörd ildə ən aşağı səviyyədədir. Buna baxmayaraq, yeni alışlar ləğv edilib.
Bu məsələdə ABŞ hakimiyyətinin astagəlliyinin çox sadə səbəbi var - maliyyə çatışmazlığı. “ClearView Energy Partners” şirkətinin məlumatına görə, ABŞ-nin Energetika nazirliyinin neft alışı hesablarında təxminən 841 milyon dollar qalıb. Bu, yalnız 12 milyon barrel “qara qızıl” almaq üçün yetərlidir, ehtiyatları tam bərpa etmək üçün isə təxminən 320 milyon barrel neft alınmalıdır.
Nəzəri cəhətdən, Ağ Ev Konqresdən əlavə vəsait tələb edə bilər. Lakin məqalənin müəllifinin fikrincə, bu, cəmiyyətdə son dərəcə qütbləşməni vəd edən noyabr seçkiləri ərəfəsində onsuz da gərgin olan siyasi vəziyyəti daha da pisləşdirə bilər. Respublikaçılar və demokratlar arasında enerji ehtiyatlarının istehsalı və satışı sahəsində aparılan siyasətlə bağlı əhəmiyyətli fikir ixtilaflarının olması əlavə vəsaitin ayrıla bilməsi ehtimalını zəiflədir.
Belə ki, respublikaçılar indiki administrasiyanı strateji ehtiyatlardan neft satışına və neft-qaz hasilatı layihələrinə qoyduğu məhdudiyyətlərə görə tənqid edir. Buna görə də, əlavə vəsait üçün hipotetik sorğu, respublikaçılara Ağ Evin enerji sektorunda siyasətini bir daha nəzərdən keçirmək şansı verə bilər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ neft ehtiyatlar