Komitə jurnalistlərə və blogerlərə təlim keçir

Komitə jurnalistlərə və blogerlərə təlim keçir
  18 Sentyabr 2024    Oxunub:1025
İsmayıllı rayonunda jurnalistlərin və sosial media bloqerlərinin iştirakı ilə 3 günlük təlim proqramı keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 17-19 sentyabr 2024-cü il tarixlərini əhatə edən təlimin ilk günündə Dövlət Komitəsinin əməkdaşı Sevil Rəsulzadə açılış nitqi ilə çıxış edərək, iştirakçılara media ilə əməkdaşlıq istiqamətində təşkil edilən tədbirləri diqqətə çatdırıb.

Qeyd edib ki, maarifləndirici təlimlər "2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planı çərçivəsində keçirilir və məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə "Ailə, qadın və uşaq məsələlərinə hüquqi yanaşma: media müstəvisində” mövzusu üzrə çıxış edərək, məişət zorakılığı və gender əsaslı zorakılıq halları ilə mübarizə istiqamətində mövcud qanunvericilik, həmçinin media nümayəndələrinin üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb. O, məlumatlar işıqlandırılarkən cinsi ayrı-seçkiliyə yol verilməməsi, balans, dəqiqlik, mənbə müxtəlifliyi kimi prinsiplərə diqqətlə yanaşmanın vacibliyini vurğulayıb.

"Mediada psixoloji sağlamlıq: intihar və bənzərliklər” mövzusunda təqdimatla çıxış edən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov intihar düşüncələrinin psixoloji köklərini anlamaq və onların müasir müalicə metodlarına dair məlumat verib. O qeyd edib ki, intihar xəbərlərinin geniş yayıldığı hallarda bir bölgədə ardıcıl intihar hadisələri müşahidə edilə bilər. Bu, "suicide clusters" adlanır və intihar hadisələrinin bir-birini təhrik etməsi nəticəsində yaranır.

Bildirib ki, xüsusilə medianın məşhur şəxsiyyətlərin intiharlarını işıqlandırma tərzi, detalların geniş yayılması, intiharların artmasına səbəb ola bilər. Vurğulanıb ki, media nümayəndələri tərəfindən məsuliyyətli xəbər yayımı intihar hallarının azalmasına kömək edə bilər.

Təlim müddətində qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı ilə halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması qaydaları barədə məlumat verilib.

İnteraktiv müzakirə və qrup işləri formatında davam edən təlim müddətində iştirakçıların sualları cavablandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti