Kişinyovda etirazçılar prezident administrasiyasına yürüş edir - VİDEO

   Kişinyovda etirazçılar  prezident administrasiyasına yürüş edir -    VİDEO
  07 May 2023    Oxunub:1820
Kişinyovun mərkəzində, prezident administrasiyasının və parlamentin yerləşdiyi məhəlləyə doğru etiraz yürüşü başlayıb.
RİA Novosti xəbər verir ki, nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirir və ölkə rəhbərliyini istefaya çağırırlar. Ön sıralarda müxalifətdə olan “Şor” partiyasının nümayəndələri, vətəndaş fəalları yer alır. Aksiya təşkilatçıları jurnalistlərə bildiriblər ki, nümayiş yanvarın əvvəlindən başlayan “Xalq Uğrunda Hərəkat” aksiyasının bir hissəsidir.

Moldova qiymətlərin artması səbəbindən enerji böhranı yaşayır. Ölkədə qaz tarifləri 2022-ci ildə yeddi dəfə, elektrik enerjisi qiymətləri isə təxminən dörd dəfə artıb.

Enerji resurslarının bahalaşması fonunda əhali arasında kommunal xidmətlərə görə borclar çoxalıb.

Mütəxəssislərin fikrincə, Kişinyovda adi istehlakçıların qaz borcları ötən ilin noyabrından 7 dəfə artıb. Bundan əvvəl Moldovanın baş naziri Dorin Reçan demişdi ki, respublika Rusiya qazı və elektrik enerjisindən imtina edə bilər, lakin bu, enerji resurslarının qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq, ona görə də hökumət istehlakçılara kompensasiyaların ödənilməsi mexanizmləri üzərində düşünür.

Qeyd edək ki, Moldovada müxalifət bir ilə yaxındır etiraz aksiyaları keçirir, ən kütləvi mitinqlər "Şor" partiyasının dəstəyi ilə baş tutur. Yanvar ayında siyasi qüvvə “Xalq Uğrunda Hərəkat” platformasının təşəbbüskarı olub və digər müxalifət partiyalarını da qoşulmağa çağırıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti