Əli Həsənov Türkiyədə Dağlıq Qarabağdan danışdı- FOTO

Əli Həsənov Türkiyədə Dağlıq Qarabağdan danışdı- FOTO
  11 Aprel 2013    Oxunub:1585
İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir
Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir. AzVision.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 58 ölkədən gəlmiş 450-dən çox prezident, baş nazir, nazirlər və digər rəsmi şəxslərin iştirak etdikləri "Azərbaycan gecəsi" keçirilib. Gecədə müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub.

Zirvə Toplantısında Türkiyə Prezidenti Abdullah Gülün və UNESCO-nun baş direktoru İrina Bokovanın da müraciətləri oxunub.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan bu il də bu Zirvə Toplantısında geniş tərkibdə iştirak edir. On altıncı dəfə keçirilən bu Zirvə Toplantısında biz hər şeydən əvvəl müxtəlif sahələrdə qazandığımız uğurları təbliğ edirik. Burada iqtisadiyyat, sosial sahə, kommunikasiya, nəqliyyat, enerji, mədəniyyət və digər sahələr üzrə təmsil olunan ölkələrlə əlaqələr qururuq. Bu ölkələrlə Avrasiya məkanında əməkdaşlığın müxtəlif tərəflərini müzakirə edirik. Nəticə olaraq, Azərbaycanın dünyaya daha sıx inteqrasiyasına dəstək veririk. Bizim ölkəmiz bu il də xüsusi konsert proqramı təşkil etdi. Keçiriləcək bölmə iclaslarında nümayəndə heyətimizin üzvləri informasiya-kommunikasiya texnologiyaları, enerji, nəqliyyat, təhsil və digər sahələrə dair məruzələr təqdim edəcəklər.

Həsənov vurğulayıb ki, 60-a yaxın ölkədən çoxsaylı nümayəndələrin iştirak etdikləri Zirvə Toplantısında biz Azərbaycanın Dağlıq Qarabağ, təhlükəsizlik və digər problemlərini də bölüşürük. Xəzər bölgəsində ölkəmizin reallaşdırdığı transmilli layihələr, digər mühüm məsələlər üzrə də vacib əlaqələr yaradırıq.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver açılış nitqində bildirib ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu il də dünyanın bütün qitələrindən qonaqların iştirakı ilə planetin aktual məsələlərini gündəmə gətirir. O vurğulayıb ki, hər il olduğu kimi, bu il də Azərbaycan Zirvə Toplantısının işində ən fəal ölkə kimi iştirak edir.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Makedoniya Prezidenti Gyorge İvanov, Albaniya Prezidenti Bujar Nişani, Türkiyənin ətraf mühitin qorunması və meşə təsərrüfatı naziri Veysəl Eroğlu, İstanbul valisi Hüseyn Avni Mutlu, millət vəkilləri çıxış edərək Zirvə Toplantısının əhəmiyyətindən danışıb, tədbirin işinə uğurlar diləyiblər.

Sonra toplantı işini bölmə iclaslarında davam etdirib. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov ölkəmizdə müasir kommunikasiya texnologiyaları, təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərdən ətraflı bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində bu gün ölkəmiz orbitdə süni peykə malik olan inkişaf etmiş dövlətlər arasında yer alıb.

Mədəniyyət və media üzrə keçirilən bölmə iclaslarında Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla və Qadın Jurnalistlər Birliyinin sədri Sevil Yusifova məruzələrlə çıxış ediblər.

XVI Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini aprelin 11-də davam etdirəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti