AZƏRTAC Aygün Əliyeva ilə bağlı məlumat yaydı

   AZƏRTAC Aygün Əliyeva ilə bağlı məlumat yaydı
  27 Fevral 2023    Oxunub:1560
AZƏRTAC sabiq müxbiri Aygün Əliyeva ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib.
Qurumun yaydığı məlumatda bildirilib ki, AZƏRTAC-ın İtaliya üzrə sabiq müxbiri Aygün Əliyeva 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib və indiyədək bu proses davam edir.

“2022-ci ilin noyabrında AZƏRTAC-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və AZƏRTAC-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, Aygün Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Aygün Əliyevanın və vəkili Bəhruz Bayramovun guya ona iş təklif edilmədiyi barədə açıqlamaları həqiqəti əks etdirmir və bu cür iddialar təəssüf doğurur. AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həll edilməsinin tərəfdarıdır”, - qeyd olunub.

O da bildirilib ki, hazırda AZƏRTAC-da kadr islahatları aparılır. Eyni zamanda, agentliyin xarici ölkələrdəki müxbirlərinin fəaliyyətinə yenidən baxılır: “Onların bir çoxunun vaxtilə necə təyin olunması suallar doğurur və bu istiqamətdə agentlikdə araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb. TƏBİB-dən bildirilib ki, Aygün Əliyeva bu gün saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

AzVision.az





Teqlər:





Xəbər lenti