"Bu matçın bizə çox faydası olacaq" - Qurban Qurbanov
“Hər iki komandanın futbolçularını təbrik edirəm. Çox baxımlı, dinamik oyun oldu. Sadəcə qol çatışmadı. Qol, yaxud qollar olsaydı, daha maraqlı olardı. Ümumi götürdükdə, oyundan razı qaldım. Bu cür matçlar futbolçuların inkişafı üçün təkandır. Oyunçularımın xarakterindən razı qaldım. Sona qədər mübarizə apardılar. Bu məqam mənim üçün çox önəmli idi”.
- İlk dəfə idi ki, xüsusən də birinci hissədə “Qarabağ”ı topsuz görürdük. Sona yaxın isə komandanız meydanda üstün idi. Ümumilikdə qələbə üçün nə çatışmadı ?
- Ümumən hər bir futbolçu mövsüm boyu eyni cür oyun göstərə bilməz. Hardasa axsamalar olmalıdır. Qarşımızda bacarıqlı kollektiv var idi. Həm fərdi, həm də oyun planında çox yaxşı formalaşmış rəqibə qarşı mübarizə apardıq. İlk dəqiqələrdən rəqib çox istəkli, daha aqressiv idi. Hücuma sürətli çıxırdılar. Buna görə də istədiyimiz kimi topu əldə edə bilmirdik. Bu cür oyunlara hazır olmalıyıq. Bu matçın bizə çox faydası olacaq.
- Komandanız bu mövsüm ilk dəfə xal itirdi. Maraqlıdır, qələbə seriyası ilə maraqlanırdınız?
- İstəməsəm də, məcburam maraqlanmağa. Bu barədə mətbuatdan oxuyuram. Mənim üçün daha vacib olan hər oyunda qələbə uğrunda mübarizə aparan kollektiv hazırlamaqdır. Daha da uzun seriya ola bilərdi. Bir halda ki, çempionluq yolunday, hər oyunda qələbə üçün mübarizə aparmalıyıq.
- Qarşıdakı dünya çempionatından gözləntiləriniz nədir?
- Dünya çempionatına barədə geniş danışmağa hazır deyiləm. Komandalarla hələ maraqlanmamışam. Ümumən bilirsiniz ki, ispan futboluna üstünlük verirəm. Amma favorit açıqlaya bilməyəcəyəm.
AzVision.az
Teqlər: