Azərbaycanda biomüxtəliflik hansı səviyyədə qorunur?
Eyni zamanda, yağıntıların rejiminin dəyişməsi, güclü yağış zamanı torpaqdan faydalı maddələrin daha intensiv yuyulması, küləklərin güclənməsi və daha quru rayonlarda təsadüfi meşə yanğınlarının sayının artması nəticəsində də ətraf aləm ciddi ziyan görür. Bir sözlə, iqlimin dəyişilməsi biomüxtəlifliyə təhlükə törədir. Nə qədər acınacaqlı olsa da, XXI əsrin başlanğıcında bəşəriyyət iqlim dəyişiklikləri ilə üzbəüz qalıb. Odur ki, yaranmış vəziyyət biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlər görülməsini tələb edir. Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. Azərbaycan 2000-ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilsə də bu sahədə bir sıra problemlər də var. Belə ki, bu gün Xəzərdə biomüxtəlifliyin azalmasında əsas səbəb kimi iqlim dəyişikliyi göstərilir. Doğurdanmı bu ancaq iqlimlə bağlıdır?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirdi ki, mən Xəzərdə biomüxtəlifliyin azalmasını iqlim dəyişikliyi ilə bağlayanları “riyakar” adlandırardım: “İlkin olaraq Xəzər dənizi, xüsusən dənizdə neftin çıxarılması və daşınmasından sonra güclü şəkildə çirklənib. O zamandan isə biomüxtəlifliyin azalması başlayıb. Xəzər dənizinin ən şanssız dövrü Rusiya işğalı altına düşməsi ilə başlayıb. Çünki rus-sovet imperiyası tarixən özünün olmayan nə varsa, hamısına qarşı belə, o cümlədən Xəzər dənizinə də vəhşicə davranıb. Xəzər dənizi özəlliklə sovet işğalı dönəmində kimyəvi tullantıların atıq yerinə çevrilib. Kirlilik dünyanın bir çox dəniz və göllərindən üstün olub. Bunun nəticəsində biomüxtəliflik sürətlə azalıb. Bundan başqa dənizdə neft-qaz hasılatı zamanı aparılan seysmik işlərin də az rolu olmayıb. Mən qeyd edərdim ki, iqlim dəyişikliyi Xəzərin biomüxtəlifliyinə ən azından çağımızda ciddi bir təsir etməyib. Nə dəniz suyunun hərarəti çox yüksələrək, fauna və floranı məhv etməyib, nə də dəniz donmağa başlayaraq, bir dəyişiklik etməyib. Bu mənada baş verən bütün dəyişikliklər antropogen amillərlə bağlıdır”.
Faunanın qorunmasında, bu gün ölkədə balıq ovuna qarşı mübarizənin yetərli olmasına gəldikdə isə ekoloq deyir ki, Azərbaycanda tək balıq və digər dəniz canlılarının ovu qanunsuz deyil: “Eləcə də heyvan və quş ovu da uzun müddət qanunsuz olub və ya davam etməkdədir. Balıq və digər canlıların ovu dünyanın bütün dövlətlərində olduğu kimi sezonun açılışı, qapanışı ilə olmalıdır. Kvota ayrılmalı və ya kvota ilə bağlı qaydalara əməl olunmalıdır. Balıq ovu bir kültür, bir tərbiyə ilə olmalıdır. Yüksək cərimələrlə balıq və ya hər hansı bir ovlanmanın qarşısı alına bilməz. Uzun illərdir ki, qadağan olunmuş bir çox növlərin ovlanma nəticəsində yox olması, yaxud kritik həddə azalması örnəkdir. Qadağalarla yalnız oğurluğa və məmurların rüşvətxorlaşmasına meydan yaranar. Bu mənada fikrimcə, hökumətin xüsusən QHT və könüllülərin birbaşa qatılımı, öndərliyi ilə dövlət layihələrinə start verməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də balıq və digər fauna, floranın qorunmasına yetırli bir töhfə verməyib. Qəti cavabım, mübarizənin yetərli olmadığıdır”.
Balıqların qorunduğu bildirilsə də bazarda istənilən balığı əldə etməyin mümkün olması ilə bağlı ekoloq deyir ki, Tanrı bütün bu canlıları özünün yaratdığı ən ali canlı insan oğlu üçün azuqə verib: “İnsan isə azuqəsini düzgün istifadə etməsə, tamamən yox olar. Dünyada Nərəkimilərin nəslinin tükənməkdə olduğunu görərək ovlanma və satışına kvota müəyyənləşdirilib. BMT üzvü olan bütün ölkələr bunu ratifikasiya ediblər. Lakin bizim ölkədəki brokonyer və rüşvətxor məmurlar buna riayət etmirlər. Qaçaq ovlanmanın önünü hazırkı üsullarla kimsə ala bilməz. Xəzərin bir çox balıq növləri tam kəsilməyib. Ancaq nə yazıq ki, qaçaq ovçuluq da durmaq bilmir. Elə o qaçaq ovlanan məhsullar da qara bazara servis edilməkdədir. Balıq növləri daxil olmaqla bütün fauna, floranın suda, quruda, havada, torpaqda qorunması, artırılaraq gələcək nəsillərə çatdırılması üçün ciddi işlər görülməlidir. Bunun üçünsə ilkin olaraq, üç yaşdan 6-cı sinfə qədər nəsli əhatə edən Milli İbtidai Təhsil haqqında Konsepsiya hazırlanaraq qəbul olunmalıdır. Düzgün ibtidai təhsilimiz olmadan nə özümüzü, dövlətimizi, millətimizi, insanları, nə də çevrəni sevməyəcəyik”.
Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.
AzVision.az
Teqlər: Biomüxtəliflik