Valyuta mübadiləsi ilə bağlı vahid məlumat bazası yaradılacaq

   Valyuta mübadiləsi ilə bağlı vahid məlumat bazası yaradılacaq
  28 Oktyabr 2022    Oxunub:1090
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.
AzVision.az -ın xəbərinə görə, qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən valyuta nəzarəti orqanlarının rezident və qeyri-rezidentlər tərəfindən icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək, rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının qanunvericiliyin, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək, valyuta əməliyyatlarını yoxlamaq, bu əməliyyatlar üzrə hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək səlahiyyəti müəyyən edilib.

Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması valyuta nəzarəti orqanının bu səlahiyyətinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaqdır. Vahid informasiya sistemində rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlar toplanacaqdır. Valyuta nəzarəti agentləri (banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edəcək (ötürəcək) və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edəcəklər.

Layihəyə əsasən valyuta əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədilə informasiya sistemində toplanan məlumatların əldə edilməsi rezident və qeyri-rezidentlərin razılığı olmadan həyata keçirilə biləcəkdir.

Valyuta əməliyyatları maliyyə-bank əməliyyatlarına aid olduğundan layihədə vahid informasiya bazasında toplanılan məlumatların saxlanması müddəti qanunla müəyyən olunmuş pul vəsaitləri ilə bağlı əməliyyatlara dair məlumatların saxlanması müddəti ilə eynilik təşkil etməsi və bank sirrinin qorunması rejiminin tətbiq olunması nəzərdə tutulur.

Layihənin qəbulu ölkədə valyuta nəzarətinin effektivliyi və valyuta tənzimi məqsədilə zəruri hallarda adekvat valyuta rejiminin tətbiqi vasitəsilə ölkənin tədiyə balansının vəziyyətinin yaxşılaşdırılması, son nəticədə ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi imkanlarını artıracaq.

AzVision.az




Teqlər:





Xəbər lenti