Bir sektanın dəhşətli tarixi: 911 nəfər eyni anda necə intihar etmişdi

  Bir sektanın dəhşətli tarixi:  911 nəfər eyni anda necə intihar etmişdi
  12 Oktyabr 2022    Oxunub:5561
Ceyms Uorren Cons amerikalı vaiz və "Xalq məbədi" kilsəsinin qurucusu olub. O, 1978-ci ildə Qayananın Constoun şəhərində 911 müiridini eyni vaxtda intihara inandırıb və özü də onlarla birlikdə həyatına qəsd edib.
Cim Cons 1931-ci ildə İndiana ştatının Linn şəhərində anadan olub. Atası "Ku Kluks Klan"ın üzvü idi. O, burada təhsilini başa vurmuş və 1950-ci ildə vaiz olmuşdu. Hər şey 1951-ci ildə Cim Consun İndiana Kommunist Partiyasının iclaslarında iştirakı ilə başladı. Bu görüşlərdən sonra Cim Cons əmin oldu ki, partiyalar ictimaiyyəti çaşdırır və kommunizmə qarşı beyinlərini doldurur. O, insanlara həqiqi marksizmi yaymaq üçün kilsəyə sızmağa qərar verir.

Cons kilsəsinə kömək etmək üçün qapı-qapı gəzərək ev meymunları satırdı. Sonralar kilsə böyüyərək "Xalq məbədi" adlı bir təriqətə çevrildi. Təriqət üzvlərinin məclisləri kilsədə qapalı keçirildiyi üçün camaat içəridə baş verənlərlə maraqlanırdı. Üzvlərin sayı artdıqca bu maraq daha da güclənirdi.

Conson vaxtaşırı kilsədə moizələr oxuyur, şoular göstərirdi. Şayiələrə görə, moizələrinin birində o, əlil arabasında oturan qadını və bir neçə xərçəng xəstəsini sağaldıb. Təbii ki, bunlar onun müridlərini aldatmaqdan başqa bir şey deyildi. Çünki əlil arabasındakı qadının öyrədilmiş biri, xəstədən çıxarılan xərçəng şişlərinin isə toyuq ciyəri olduğunu heç kim bilmirdi. Çarəsiz insanların zəif cəhətlərindən istifadə edən Cim Cons üzvlərin beynini sözün əsl mənasında yuyurdu.

Məbəd qara və ağlara bərabər münasibəti ilə seçilirdi. Buna görə də bir çox qaradərili Amerika vətəndaşı bu təriqətin üzvü olmuşdu. Müridləri Consu “Ata” adlandırdılar. Cons onlar üçün İlahi varlıq idi. Onun möcüzəvi müalicəvi xüsusiyyətləri olduğunu düşünürdülər.


İnsanların təriqətə olan marağı medianın diqqətini çəkməyə başlayır. Mediadan və müasir həyatdan qaçmaq üçün təriqət Qayananın meşəlik ərazisinə köçür və ərazi "Constaun" adlandırılır. Var-dövlətini satıb təriqətə ianə verən müridlər Constaunda məskunlaşırlar. Üzvlər arasında əmək bölgüsü aparılır və hamıya komalar tikmək, əkinçilik, mal-qara saxlamaq kimi işlər tapşırılır. Cim Consun təklif və əmrlərini çatdırmaq üçün bütün əraziyə səsgücləndiricilər qoyulmuşdu. Beləliklə, Cim Cons öz təbirincə “Sosialist cənnəti”ni qurmuşdu.

Lakin o buraya köçdükdən sonra hər şey dəyişməyə başladı. Cons narkotik aludəçisi olduğunu gizlətmir, tez-tez müridlərini kütləvi intihar məşqlərinə məcbur edirdi. Təriqət üzvlərinin qohumları vaxtında ayılmışdılar. Onlar insan hüquqlarının pozulduğunu iddia edərək əraziyə mətbuat qrupu və senatorlar göndərə bildilər. Konqresmen Leo Rayan və komandası 17 noyabr 1978-ci ildə Constauna yola düşür.


Komanda Constaunda olarkən hər şey normal görünürdü, lakin ertəsi gün 15 nəfər komandaya getmək istədiklərini söylədi. Cim Cons şiddətlə buna qarşı çıxdı və getmək istəyənləri ölümlə hədələdi. Şəhəri tərk etmək istəyən üzvlərlə yanaşı, təriqətdən ayrılmağı böyük səhv hesab edənlər də var idi. Komanda geri qayıdarkən getmək istəyənləri götürərək hava limanına yollandı. Təyyarəyə minərkən onlar təriqətdən olan silahlı şəxslərin hücumuna məruz qaldılar. Leo Rayan və 4 mürid hadisə yerindəcə qətlə yetirilir.


Bu hadisənin baş verdiyi günün axşamı çoxlu uşaq da daxil olmaqla 911 müridi Cim Cons ilə birlikdə eyni vaxtda intihar edir. Onlar sianidli kokteyli içib və iynə vuraraq intihar edərkən, oturduğu yerdə ölü tapılan Consun tapança ilə özünü vurduğu bəlli olub. Ertəsi gün bu hadisədən xəbərsiz olan mətbuat vertolyotla bölgəyə gəlib və hər yerə səpələnmiş 900-dən çox cəsədlə qarşılaşdıqda şoka düşüb.

Bütün dünyanı ayağa qaldıran bu görünməmiş hadisə "Constaun faciəsi" kimi tarixə düşüb.

Bu dəhşətli hadisə "San Francisco Chronicle" qəzeti tərəfindən hərtərəfli araşdırılmışdı. Ölümlərinin son dərəcə müqəddəs olacağını deyən Cim Consun həmin çıxışının audioyazısı var.


Riçard Doukinz “Şeytanın keşişi” kitabında yazır: "Cons şagirdlərini bir yerə topladı və onlara bildirdi ki, cənnətə getməyin vaxtıdır: “Biz başqa yerdə biz görüşəcəyik. Ölümdə böyük şərəf var. Bu, öləcək hər kəs üçün böyük bir şoudur”. Xristianlığa görə intiharın günah olduğunu düşünən qrup üzvlərinin bəziləri bunun yanlış olduğunu dilə gətiriblər. Cavabında Cim Cons “Biz intihar etmirik, qeyri-insani dünya şəraitini inqilabi etirazla qınayırıq” deyib. Yüzlərlə mürid tərəddüd etmədən övladlarını, sonra da özlərini öldürüblər. Qaçmağa cəhd edənlər ya digər üzvlər tərəfindən intihara məcbur edilib, ya da odlu silahla qətlə yetirilib. Meyitlərin üzərində aparılan müayinələr nəticəsində onların əksəriyyətinin ölüm səbəbinin sianidli içkidən zəhərlənmə olduğu müəyyən edilib. Qalanların isə güllə yaraları nəticəsində öldüyü müəyyən edilib.

Ərazidə aparılan araşdırmalar nəticəsində 870 pasport müsadirə edilib. Meyitlərin arasında 40-a yaxın körpə də vardı...


Evlərdə aparılan axtarışlar nəticəsində təriqət üzvlərinə məxsus çoxlu gündəliklər və intihar qeydləri tapılıb. Məktublara görə, üzvlər Leo Rayan öldürüldükdən sonra intihara məcbur edilib və intihar etmədikləri təqdirdə əsgərlər tərəfindən öldürüləcəklərinə inandırılıb.


Təriqət üzvlərindən bəziləri qətliamdan sağ çıxa biliblər. Sağ qalanlardan biri, 79 yaşlı eşitmə əngəlli Qrover Devis intihar xəbərlərini eşitmədiyi üçün otağında hadisələrdən xəbərsiz yatmışdı. Hər şey bitdikdən sonra oyanıb, nə baş verdiyini anlaya bilməyib və qaçıb. Stenli Kleyton isə şəhər sərhədindəki silahlı mühafizədən yan keçərək, meşəyə qaçmaqla qırğından qurtulub.

Consun son xütbəsinin səs yazısı internetə yerləşdirilib. Xüsusilə çəkilişin sonlarına doğru ağlayan uşaqların, qışqıran insanların səsləri çox aydın eşidilir.


Sosioloqlar bir məsələyə də diqqət yetirmişdilər: Cons sektada sekslə yalnız özünün məşğul olmaq hüququnun olduğunu bildiribmiş. Consun bu cür işlərini katib həll edərdi. O, qurbanlara zəng edib: "Ata bunu etməyə nifrət edir, amma məcburdur" deyərmiş. Onun qurbanları təkcə qadınlar deyildi. Təriqət üzvülərinin hələ San-Fransiskoda olduğu günlərdə Conson 17 yaşlı oğlan müridini həftə sonlarından birində otel otağına aparmışdı. Həmin oğlan deyirdi: "Həqiqətən ona qarşı hörmət, qorxu və çaşqınlıq hisslərim var idi. O, mənim üçün atadan da artıq idi. Onun üçün valideynlərimi öldürərdim".

Yaxın tarixin ən böyük kütləvi intiharı haqqında 2006-cı ildə “Jonstown: The Life and Death of Peoples Temple”(Constaun: Xalq Məbədinin Həyatı və Ölümü) adlı sənədli film çəkilib. 2013-cü ildə "The Sacrament" (Müqəddəs Mərasim) adı ilə tamaşaçılara təqdim edilən bədii film isə cəmiyyətdən təcrid olunmuş bir meşədə yaşayan "Cənnət təriqətinin" hekayəsindən bəhs edir. Filmdə adlar dəyişdirilsə də, Constaun qətliamına aydın istinadlar var.





Şahanə Rəhimli
AzVision.az


Teqlər: Sekta   Constaun  





Xəbər lenti