Şəfanı zəhərə çevirənlər - Saxta balı necə ayırd edək?

   Şəfanı zəhərə çevirənlər -    Saxta balı necə ayırd edək?
  03 Oktyabr 2022    Oxunub:3074
Oktyabrın 1- dən Bakıda növbəti bal yarmarkası start götürdü. Paytaxt sakinlərinə 120 tona yaxın balın satışa çıxarıldığı bu ənənəvi yarmarkada müxtəlif çeşiddə bal və arıçılıq məhsulları təqdim olunur. Yarmarkaya gətirilən məhsullardan nümunələr götürülərək aidiyyəti qurum tərəfindən laboratoriya şəraitində yoxlanılır. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmır.
Hər il satışa buraxılmayan həmin standarta uyğun olmayan və ya tam saxta olan ballar isə “qara bazar”a sızır. Beləcə ilboyu bal mövsümünü gözləyən paytaxt sakinləri bəzən aldanaraq ayrı-ayrı yerlədə təmiz bal adı altında satılan saxta məhsulları alırlar. Əslində tək bizdə deyil, demək olar ki, əksər ölkələrdə də piştaxtaları saxta ballar “bəzəyir”. Xüsusən də, arıçıların yığıb saxladıqları may ballarını məhz payız aylarının ilk günlərində satışa çıxarmasından istifadə edən fürsətçillər maksimum dərəcədə çalışırlar ki, öz zəhərli və zərərli məhsullarını istehlakçılara təmiz, builki may balı adıyla sata bilsinlər.

Təbii ki, öz maddi maraqlarını düşünən bəzi istehsalçılar üçün ən vacib şey məhsulunun kütləsini artırmaq və ya hətta ona mümkün qədər bala bənzəyən hansısa maddə, məhsulları qarışdırmaqdır. Çox vaxt isə bala şəkər siropu əlavə olunur. Beləliklə də, məhsulun kütləsini ucuz maddəylə artırmaq və balı daha çox şirin etmək mümkün olur. Bundan əlavə, məhsula çuğundur və ya nişasta siropu ilə yanaşı elə nişastanın özü də qatılır. Həmçinin saxta balın tərkibində invertir olunmuş şəkər, süni saxarozaya da rast gəlinir. Yəni bu arzuolunmaz hallar baxır istehsalçının fantaziya və vicdanına ki, o, masamıza gəlib çıxan məhsulunu necə dəyişəcək və ya hazırlayacaq.

Sağlamlıq üçün zərərli olan və əslində bütün dünyada problemə çevrilən belə saxta ballar ilk növbədə yalnız laboratoriya şəraitində tam şəkildə müəyyən edilir. Bu isə heç də ucuz başa gəlmir, heç kim baha aldığı balı təzədən bahalı analizlərdən keçirmək istəmir. Maraqlıdır, belə olan halda istehlakçılar təmiz və ya keyfiyyəti aşağı olmayan balı necə ayırd etməlidirlər? Ev şəraitində saxta balların ayırd edilməsiylə bağlı xeyli nümunələr mövcuddur.

Məsələn, əsl balın sululuğu olmamalıdır . Balı adi qəzet və ya tualet kağızı ilə yoxlamaq olar. Kağız parçasına bir az bal qoyun. Kağız quru olmalıdır. Əgər bal yayılıb özüylə nəm izlər əmələ gətirirsə, deməli onun tərkibində su var.

Başqa bir nümunə isə çörək testi adlanır. Çörəyi sadəcə 10 dəqiqə bala batırıb saxlamaq, sonra çıxarıb yoxlamaq lazımdır. Belə olan halda çörək sərtləşməlidir. Saxta məhsulda isə o, əksinə olaraq yumşalacaq.

Balı ənənəvi üsulla da yoxlamaq olar. Demək olar ki, hər evdə tibdə işlənən yod məhlulu olur. Bir qaşıq balı su ilə qarışdırın və bura bir damcı yod əlavə edin. Maye mavi rəngə çevrilibsə, deməli onun tərkibində nişasta və ya un var...

Bu işdə adi sirkə də köməyə çatır. Balı ilıq su ilə qarışdırın və əgər bu suya sirkə essensiyasını əlavə edərkən, məhlul az da olsa qaynayan görüntü yaradacaqsa, deməli onun tərkibinə təbaşir qatılıb. Bəli, un, təbaşir, nişasta, hətta təbii çiçək qoxusu verməsi üçün xüsusi kimyəvi maddə və daha nələrdən istifadə olunmur ki, bu bahalı məhsulu ucuz şəkildə ərsəyə gətirib süfrələrimizə daşısınlar...

Kimyəvi karandaş adlanan əşya da saxta balı ayırd edə bilir. Balın tərkibində yad mayelərin olub-olmadığını müəyyən etmək üçün yarmarkaya bu, Sovet dövründən hamıya məlum olan adi kimyəvi qələmlə getməyiniz kifayətdir. Kağızın üzərinə az miqdarda bal sürtün və qələmlə həmin bal təbəqəsində nə isə yazmağa çalışın. Bir neçə saniyədən sonra yazı və ya mavi-bənövşəyi zolaqlar görsəniz, deməli bala su və ya sirop əlavə edilib.

Babalarımız adi paslanmayan polad məftillərdən də yararlanıblar. Məftili odda qızdırın. Bunun üçün adi alışqandan da istifadə edə bilərsiniz. Beləcə məftili bala batırın. Əgər yapışqan bir kütlə telə yapışıb qalarsa, deməli bu bal da saxtadır. Bal təbiidirsə, məftil təmiz qalacaq.

Ümumiyyətlə, yaxşı bal rahat şəkildə yanmaz. Saxta balın rəngi dəyişə bilər. Məsələn, o, qəhvəyi rəngə çevrilir, əriyir, karamel və ya kimyəvi qoxu verməyə başlayır.

Balda çöküntünü də rahat şəkildə yoxlamaq olar. Bir stəkan isti çayda bir qaşıq balı qarışdırın və bir saat gözləyin. Bundan sonra stəkanın dibində və ya səthində hər hansı çöküntü, yad bir qat qalırsa, deməli siz arzuolunmaz məhsul almısınız.

Ev şəraitində "Naşatır spirti" testi də işə yarayır. Az miqdarda balı suya qatın. Sonra ona bir neçə damcı "Naşatır spirti" əlavə edin və yaranan məhlulu qarışdırın. Əgər maye qəhvəyi rəngə çevrilirsə, bu o deməkdir ki, bala yuxarıda haqqında söz açdığımız nişasta siropu qarışdırılıb.

Ola bilər ki, əlinizin altında dediyimiz məhsul və ya əşyalar yoxdur. O zaman köməyə adi qoxu testi gələ bilər. Düzdür pandemiya, koronavirus səbəbindən çoxumuzda dadbilmə və iybilmə qabiliyyəti xeyli zəiflədi. Amma unutmamalıyıq ki, təbii bal həmişə ətirli olur. Əgər məhsulun ümumiyyətlə qoxusu yoxdursa, çox güman ki, o saxtadır.

Ballı yarmarkadan FOTOREPORTAJ
Bundan başqa bal almağa getməzdən əvvəl, bu min bir dərdin dərmanı olan məhsulun hansı növlərinin olduğuna və onların hansı rənglərə görə fərqləndiyini də öyrənin. Bu amil də sizə təbii bal axtarışında kömək olacaq. Məsələn, qarabaşaq balı qəhvəyi, çiçək balı qızılı-sarı, cökə balı kəhrəba daşı, xardal balı sarı-qaymağı rəngdə olmalıdır. Əgər bal nəzərə çarpacaq dərəcədə ağ rəngə çalırsa, düşünməyə dəyər. Çünki bəzi istehsalçılar arıları nektar toplamaq üçün əraziyə buraxmırlar. Onlar sadəcə olaraq bu həşəratları şəkərlə bəsləyirlər. Belə üsulla əldə edilən balın isə təbii ki, heç bir qiymətli və keyfiyyəti olmur.

Balın keyfiyyətini istehlakçı olaraq da aşağı salmaq olmaz. Ola bilər ki, məhsul təbidir amma sonradan onun keyfiyyətini özünüz öldürürsünüz. Alış-veriş edərkən unutmayın ki, balı metal qablarda saxlamamalısınız. Fakt budur ki, belə olan halda balın tərkibindəki turşular oksidləşərək qiymətli məhsulun bəzi faydalı xüsusiyyətlərini itirməsinə və hətta zəhərlənməyə səbəb ola bilər.

Bundan başqa, əgər siz bal ilə çay içməyi sevirsinizsə, qaynar suya heç vaxt bu məhsulu əlavə etməyin. Artıq 60 dərəcədə balın strukturu dağılır və o, öz xüsusiyyətlərini itirir. Həmçinin, yayda alınan bal qışa qədər maye formasında və ya şəffaf qalırsa, bu da təbii deyil. Ancaq elə nadir bal növləri var ki, ya çox gec donur, ya da ümumiyətlə qışda bərk forma almırş Əgər bal aşağıdan bərkiyir, lakin yuxarı qatlarda maye formasında qalırsa, bu, balın yetişməmiş yığılmasından xəbər verir. Belə məhsul isə yalnız bir neçə ay saxlanıla bilər.

Saxta balları ayırd etməyi izah etdiksə, əsl balın şəfalı xüsusiyyətlərindən də danışmaq lazımdır.
Məsələn, cökə balının qızdırma salan xüsusiyyəti var və o, soyuqdəymə zamanı daha çox istifadə olunur. Bundan əlavə, bakteriyaları məhv edə və bəlğəm zamanı effektli ola bilir.

Qarabaşaq balı xüsusilə anemiyanın müalicəsi və qarşısının alınmasında, avitaminozda qiymətli məhsul sayılır. Bu növ bal ürək-damar xəstəliklərinə meylli insanlar üçün də faydalıdır. Belə məhsul qanın keyfiyyətinə müsbət təsir göstərir və qan itkisindən sonra bədəni yaxşı şəkildə bərpa edir.

Şabalıd balı isə həzm sistemindəki pozğunluqlara və qarabaşaq balı kimi ürək-damar sistemindəki problemlərə güclü təsir edir. Bundan əlavə, bu məhsul da mikroblara qarşı güclü effekt verir.

Çiçək balını daha çox qadınlar istehlak etməlidirlər. O, qadın reproduktiv sistemi üçün faydalıdır, ginekoloji xəstəliklərin qarşısının alınması və müalicəsi zamanı istifadə olunur. Qadının körpəsinin ana südü ilə qidalanması dövründə şirin yonca balından istifadə etməsi daha çox fayda verir. Bu bal süd yaranmasına yaxşı kömək edir. Çiçək balı həm də iltihab əleyhinə, sakitləşdirici və ağrıkəsici təsirlərə malikdir.

Kişilər üçün məsləhət bilinən bal isə şabalıd balıdır. Cinsi potensialla bağlı problemi olan kişilər üçün bu növ bal daha çox fayda verir. Ümumiyyətlə, kişilərə daha çox qarabaşaq balı kimi tünd və nisbətən acı sortlarda olan balları almaq məsləhət görülür.

Ümumilikdə isə bütün növ balların südlə içilməsi isə yuxusuzluq və baş ağrısına təsiri olur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bal   İstehlakçı   Saxta  





Xəbər lenti