Arxeoloqlar Britaniyada qədim darı dənələrini aşkarlayıblar

Arxeoloqlar Britaniyada qədim darı dənələrini aşkarlayıblar
  04 Avqust 2022    Oxunub:1708
Alimlər Böyük Britaniyada kənd təsərrüfatı bitkilərinin ən qədim nümunələrini aşkar ediblər.
AzVision.az xəbər verir ki, bu barədə N+1 nəşri məlumat yayıb.

Qeyd edilir ki, Avropada darı eramızdan əvvəl II minillikdə yayılıb. Bəzi nəşrlər isə daha əvvəl tapıntıların olması barədə məlumat veriblər. Lakin bu faktlar radiokarbon analizləri ilə təkzib edilib.

Kembric Universitetindən Metyu Brudenell və həmkarları eramızdan əvvəl 1500-850-ci illərə, Tunc dövrünə aid arxeoloji ərazini araşdırıblar. Ərazi Norviç şəhərinin şimalında yerləşir. Orada ölçüsü 6x3 metr olan oval sütunlu tikinti və eni 72, dərinliyi 38 santimetr olan çuxur tapıblar. Burada tunc dövrünə aid yandırılmış çaxmaqdaşları, daş alətlər və saxsı məmulatlar, eləcə də kömür olub. Bundan əlavə, torpağın yuyulması zamanı alimlər adi kətan qalıqlarını, 12 növ alaq otu, həmçinin dənli bitkilər: ikidənəli buğda, adi arpa və darı qalıqlarını çıxarıblar. Arxeoloqlar çuxurda təxminən 200 darı dənəsi olduğunu bəyan ediblər. Buna görə də onların bura təsadüfən düşməsi ehtimalı çox azdır.

Radiokarbon analizi göstərib ki, bitkilər təxminən eramızdan əvvəl 980-820 və 920-810-cu illərdə bitib. Konkret olaraq isə darı - 910-800-cü illərdə böyüyüb ki, bu da aşkar edilmiş taxılların Britaniya adalarında darının ən qədim nümunəsi edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bitki   Arxeoloq  





Xəbər lenti