Müxbiri zorlayan redaktorun müəmmalı ölümü

Müxbiri zorlayan redaktorun müəmmalı ölümü
  28 Aprel 2014    Oxunub:1111
Aprelin 26-da Bakıda yaşayış binası yanıb. Suraxanı rayonunda yanan birmərtəbəli binadan yanğınsöndürənlər kişi cəsədi aşkar ediblər. Tapılan cəsədin 1989-cu il təvəllüdlü Sadiq Arazxan oğlu Soltanova məxsus olduğu bildirilir. Mərhum indiyədək adı çoxlarına məlum olmayan “Mizan-tərəzi” qəzetinin baş redaktoru imiş. Bu hadisəni daha çox diqqətə gətirən qəzetin qadın işçisinin bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etməsidir.

Xatırlayırsınızsa, təxminən on gün əvvəl - aprelin 19-da mediada qadın jurnalistin baş redaktoru tərəfindən zorlanması barədə məlumat yayılmışdı. Binəqədi Rayon Polis İdarəsindən xəbər verilmişdi ki, 5-ci bölməyə 28 yaşlı Sevinc Rəhmanova (ad etik səbəblərdən dəyişdirilib -red.) müraciət edərək aprelin 10-da Ziya Bünyadov prospektində yerləşən “M...” qəzetinin 25 yaşlı baş redaktoru tərəfindən zorlandığını bildirib.

Mətbuatda hadisə ilə bağlı müxtəlif məlumatlar yayılıb və versiyalar səsləndirilib. Bunlardan ən çox diqqət çəkəni isə evin və baş redaktorun qəsdən yandırılması versiyasıdır.

ANS xəbər verib ki, Ağdam sakini Sadiq Soltanovun üzərinə benzin tökərək od vurulduğu müəyyən olunub. Onun cəsədi artıq doğulduğu Üçoğlan kəndinə aparılaraq torpağa basdırılıb. Polis hazırda 22 yaşlı gəncin hansı səbəbdən və kim tərəfindən qətlə yetirildiyini araşdırır.

Ehtimal edilən qətl hadisənin törədildiyi əraziyə nəzarət edən Suraxanı rayon Polis İdarəsindən isə bildirildi ki, S.Soltanov yanan evdə müvəqqəti yaşayırmış, ev başqasının adınadır. İş isə müstəntiq Şamil Şəmmədliyə həvalə olunub. İdarənin 31-ci bölməsindən verilən məlumata görə, iş artıq Suraxanı Prokurorluğuna verilib və araşdırma aparılır.

S.Soltanov ailəli olub. Azyaşlı uşağı var.

Ekspertlər isə hadisə ətrafında bir neçə versiya irəli sürürlər. Onların fikrincə, evin bədbəxt hadisə nəticəsində yanmadığı dəqiqdir. Yəni evin yandırılması məlum zorlama hadisəsindən qaynaqlanır. Ehtimal edilir ki, yanğın zorlandığı bildirilən qadının yaxınlarından biri, yaxud bir neçəsi tərəfindən törədilə bilər. Amma bu barədə son sözü istintaq deməlidir.

Ehtimallardan biri isə həmin şəxsin yazdığı, yaxud hansısa faktla bağlı yazacağını təhdid etdiyi şəxs tərəfindən öldürülməsidir. Reket qəzetlərin ayrı-ayrı məmurlardan şantaj yolu ilə pul tələb etdiyi sirr deyil.

Musavat.com “Mizan-tərəzi” qəzeti barədə bir neçə mənbədən dəqiqləşdirmə aparsa da, nə qəzeti, nə də baş redaktoru tanıyan olub. Onun adına Mətbuat Şurasının reket jurnalistlərin “qara siyahısı”nda da rast gəlinmir. Mətbuat Şurasında bu qəzet barədə məlumat yoxdur.


Teqlər:  





Xəbər lenti