Samuxda oğru dəstəsi zərərsizləşdirildi

Samuxda oğru dəstəsi zərərsizləşdirildi
  25 Aprel 2014    Oxunub:1266
Gəncə və Goranboy sakinləri olan qrup üzvləri təkcə Samuxda iki mağazanı talayıb. Onların ətraf şəhər və rayonlarda da bənzər cinayətləri törətmələri güman olunur.
AzVision.az xəbər verir ki, son 20 gün ərzində Samux rayonunda iki mağaza talanıb. Hər iki mağazaya eyni üsulla qapını sındırma yolu ilə daxil olan naməlum şəxslər oradan nəğd pul və qiymətli əşyalar oğurlayıblar.

İlk cinayət əməli Sərvan Nəsibova məxsus mağazada qeydə alınıb.

Daha sonra çrikin əməllərindən əl çəkməyən həmin şəxslər Cavanşir Hüseynova məxsus mağazanı da talayıblar. Mağaza sahiblərinin sözlərinə görə, cinayət hadisəsindən sonra onlara təxminən 8 min manat dəyərində maddi ziyan dəyib.

"Çöldən baxanda içəri görünürdü. Gördüm ki, piştaxta təmizdir. Gözə dəyəsi nə var hamısını yığışdırıblar. Elə o vəziyyətdə də polisə məlumat verdik",- mağaza sahibi Sərvan Nəsibov deyib.

Polisin araşdırması o qədər də uzun sürməyib. Keçirilən zəruri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlar Gəncə və Goranboy sakinləridir.

"Bunlardan ikisi Gəncə sakinləri Allahverdiyev Hüseyn və Məmmədov Anar, daha iki nəfər isə Goranboy şəhər sakinləri Seyidov Pərvin və Hüseynov Elçindir. Tərəfimizdən həmin şəxslər saxlanaraq istintaq qrupuna təhvil verilib", - Samux RPŞ-nin baş əməliyyat müvəkili Elşad Kərimov deyib.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini səmimi etiraf ediblər.

Onların sözlərinə görə, cinayəti sərxoş halda və bəzi ehtiyaclarını ödəmək üçün törədiblər.

Dəstə üzvlərinin Samuxla yanaşı respublikanın başqa şəhər və rayonlarında da bənzər cinayətlər törətdiyi güman olunur. Hətta qrup üzvlərinin sayının artacağı da istisna deyil. Hazırda bu istiqamətdə əməliyyat istintaq tədbirləri aparılır. /Kəpəz TV/


Teqlər:  





Xəbər lenti