“Narkomanlığa qarşı mübarizə Azərbaycanın vəzifəsidir”
Əli Həsənov bildirib ki, ölkədə icra olunan tikinti layihələri günbəgün artması ölkəyə yük daşınmasını da artırır: “Azərbaycanda demək olar ki, hər gün beynəlxalq tədbirlər keçirilir, gəlib-gedən qonaqların da sayı artır. Ölkəyə gələn turistlər çoxalır. Bütün bunların hamısı beynəlxalq narkomafiyaya imkan yaradır, bu da Azərbaycana müxtəlif növ narkotik vasitələrin daşınmasını artırır”.
Baş nazirin müavini qeyd edib ki, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan- Pakistan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan marşrutları ilə və işğal altında olan ərazilərə Əfqanıstandan birbaşa İran vasitəsilə narkotiklər daşınır: “4 beynəlxalq marşrut vasitəsilə Azərbaycan ərazisindən narkotik vasitələr keçir. Son vaxtlar bu marşrutlarla daşınmaların həcmi artıb. Burada dünya erməni diasporunun əli var. Çünki ermənilər Azərbaycan torpaqlarını işğal etməklə, ideoloji müharibə aparmaqla kifayətlənməyərək, bizim genefondumuzu, gələcəyimizi korlamaqla məşğuldur”. Onun fikrincə, məhz buna görə bütün ictimaiyyət narkomaniya probleminin həllinə qoşulmalıdır.