"Turist axınını artırmaq üçün quru sərhədləri açılmalıdır" - Deputat

   "Turist axınını artırmaq üçün quru sərhədləri açılmalıdır" -    Deputat
  26 May 2022    Oxunub:1352
"Karantin qaydalarının yumşaldılması, yeni turizm mövsümünün yaxınlaşması Azərbaycana gələn xaricilərin sayında da özünü göstərməkdədir. Belə ki, 2022-ci ilin ilk 4 ayında 151 ölkədən 330,6 min turist Azərbaycana səfər edib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə çoxdur. Gələnlərin 26,2 faizi Rusiya, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin payına düşüb".
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov facebook hesabında yazıb. O bildirib ki, bu müddətdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.

"2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldılmışdı".

Deputat deyib ki, bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq, hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır:

"Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir.

Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər".

"Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirlər. Bu ilin 4 ayında da Azərbaycana gələn tursitlərin 72.3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni, Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər", - deputat bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti