Həyətini narkotik plantasiyasına çevirən qadın tutuldu

Həyətini narkotik plantasiyasına çevirən qadın tutuldu
  25 May 2022    Oxunub:889
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub.

Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş təxirəsalınmaz əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nazilə Hüseynova iş başında, yəni çətənə kollarına qulluq edən zaman yaxalanıb. Həyətyanı sahəyə baxış keçirilən zaman tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu aşkarlanıb. Nazilə Hüseynova ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini etiraf edib və onları becərməkdə məqsədinin yetişdirib qurutduqdan sonra satıb, yüksək qazanc əldə etmək olduğunu bildirib. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülüb və müvafiq ekspertizaya təqdim olunub. N.Hüseynova isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə yaşadığı evin həyətindəki istixanada külli miqdarda narkotik tərkibli bitkilər kultivasiya edən və narkotik vasitələrin satışı ilə məşğul olan Meşəşambul kənd sakini İsa Gözəlov tutulub. Həmin istixanaya baxış keçirilən zaman oradan ümumi çəkisi 40 kiloqrama yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi yeddi kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti