Azərbaycan internetinin bu günü

Azərbaycan internetinin bu günü
  04 Aprel 2013    Oxunub:1542
Bu gün bütün dünyada Beynəlxalq internet günü qeyd edilir. Azərbaycanda da internetdə son dövrlər də kifayət qədər dəyişikliklər və inkişaf var
Həmçinin 2013-cü ilin Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ili elan edilməsi ilə bu sahədə ciddi addımların atılmasını gözlənilir.

Bəs Azərbaycanda internetin mövcud durumu necədir?

“2003-2013: İKT sektorunun sürətli inkişafı – 21-ci əsrdə uğurun əsas amili” cədvəlində qeyd olunub ki, əgər ölkədə 2004-cü ildə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 7 nəfər idisə, 2012-ci ildə bu rəqəm 70 nəfərə çatıb.

Cədvəldə əks olunub ki, 2005-ci ildə hər 100 nəfərə 8, 2006-cı ildə 12, 2007-ci ildə isə 18 internet istifadəçisi olub. Ölkədə internet istifadəçilərinin sayı 2008-ci ildə isə əvvəli ildəkindən 2 dəfə artaraq 37 nəfərə çatıb. Azərbaycanda hər il artan internet istifadəçilərinin sayı 2009-cu ildə 100 nəfərə 41, 2010-cu ildə 50, 2011-ci ildə isə 65 nəfər olub.

Azərbaycanda internet sürətli inkişaf dövri keçir

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, son bir neçə ildə Azərbaycan interneti sürətli inkişaf dövri keçir: “Bu həm qiymət cəhətdən, həm də kütləvilik cəhətdən özünü göstərir. Bir neçə il bundan əvvəl Azərbaycan interneti dar çərçivədə idi, ələçatımlılıq yetərli deyildi. Amma indi deyək ki, qiymətlər son 3 ildə kifayət qədər 20, 25 bəlkə 30 dəfəyə qədər endirildi. Misal olaraq deyə bilərəm ki, 2008-ci ildə 1 mb internetin qiyməti 700 dollar idi. İndi isə 15 dollardır”

İnternet media televiziyanı üstələyir

Osman Gündüzün sözlərinə görə, əvvəllər ancaq Bakı şəhərində cəmləşmişdisə, indi isə regionların əksəriyyətində mərkəzdə internet ələçatımlılığı artıb: “Azərbaycanın milli internet resurslarının sayı artıb. Əvvəllər Azərbaycanda cəmi bir neçə internet xəbər internet resursu var idisə, indi isə bunların sayı xeyli sayda artıb. Və internet media artıq ictimai rəyə təsir edə biləcək səviyyədədir. Hətta az qala, televiziyaları üstələyib. Yəni insanlar daha vacib olan xəbəlrəri internetdən alırlar. Bu da bir faktordur. Dövlət qurumlarının internetdəki xüsusi çəkisi artıb. Yəni əvvəllər bir neçə dövlət qurumu internetdə var idisə, indi bütün dövlət qurumları internetdədir. Onların saytları var, artıq onlar nəinki saytları var, onlar hətta internet üzərindən xidmət də təklif edirlər. Yəni siz ödəniş edib, xidmətlərdən istifadə edə bilərsiniz. Bu sahədə müəyyən ciddi irəliləyişlər var”.

İnternetdə hələ də bəzi problemlər qalmaqdadır

“Bunlarla yanaşı internetdə bəzi problemlərimiz var. Bunlardan birincisi odur ki, internet Azərbaycanda hələ də keyfiyyətsizdir. Deyək ki, bu həm beynəlxalq təşkilatların da, həm də bizim apardığımız monitorinqlər göstərir ki, Azərbaycan internetinin keyfiyyəti aşağıdır. Yəni sürət aşağıdır, qırılmalar çoxdur. Provayderlər istifadəçiləri aldadırlar. Məsələn, gedib provayderə 20 dollar ödəyib 2-3 mb internet almısınızsa, evə gedib bunu çəkəndə görürsünüz ki, sürət azdır. Daha sonra Azərbaycan internetinin biznes tərəfi hələlik zəif inkişaf edib. Məsələn, qonşu ölkələrdə internetdən insanlar pul qazanırlar. Azərbaycanda isə bu tərəfi yetərli deyil.

Mən düşünürəm ki, bizdə milli oturuşmuş informasiya resurslarına ehtiyac var. Yəni təhsil yönümli, səhiyyə yönümli resurslar və s. Bu cür resursların sayı gərək artsın”.

Daha çox 35 yaşa qədər insanlar internet istifadəçiləridir

Osman Gündüz qeyd edib ki, ötən ilin yekun rəyində göstərilirdi ki, internet istifadəçisi 70%-ə qədərdir.

“Bu əhalinin 70%-i yox, 13-14-dən 75 yaşa qədər olan əhalinin 70%-dən çoxu internet istifadəçisidir. Deyirlər ki, bu rəqəm çox görsənir. Bu 70%-in içərisində mobil internetin istifadəçiləri də var. Yəni siz baxsanız görərsiniz ki, bir dəfə mobil internetdən istifadə edən şəxs də bu 70%-in içindədir. Ona görə də bu rəqəm çox görsənir. Amma belə deyək ki, genişzolaqlı internet istifadəçilərin sayı bizdə 40%-ə qədərdir. Mən elə hesab edirəm ki, Azərbayanda genişzolaqlı internet istifadəçilərinin sayı çox azdır. Amma indi Dövlət Neft Fondunun dəstəyi ilə Rabitə və Texnologiyaları Nazirliyi tərəfindən 105 milyon manat dəyərində olan dövlət proqramı həyata keçirilir. Dövlət proqramının da əsas məqsədi internetin inkişafı ilə bağlıdır. Düşünürük ki, bu proqramdan sonra Azərbaycan internetindən keyfiyyət göstəriciləri bir qədər artacaq.

Amma bizim müşahidələrimiz göstərir ki, daha çox 35 yaşa qədər insanlar internet istifadəçiləridir. “Facebook” Azərbaycanda ən inkişaf etmiş sahə sosial mediadır. Yəni “Faceoook”, “Twitter” və s. və bu sahə çox güclü inkişaf edir. Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 1 milyondan çoxdur. O 1 milyon istifadəçinin içində çoxusu 35 yaşa qədər olan insanların sayı 70%-dir”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti