`Əsərləri `manıs` personajlar ilə bəzəyirlər` - MÜSAHİBƏ
– Kitab nəşri kənardan rahat iş kimi görünsə də, əslində bu çox ağır prosesdir. Bu işin fövqündə dayanan kollektiv – fərqi yoxdur, rəhbərindən sıravi işçisinə qədər öz işindən zövq almağı bacarmalıdır. Daha dəqiq desək, kitabı, ədəbiyyatı və təhsili sevən, dəyər verən əməkdaşlar nəşriyyatın əsl siması və ələlxüsus da onun keyfiyyətinin sığortalanmış göstəricisidir. Bunsuz oxucu auditoriyasının rəğbətini qazana biləcək nəşr yayımlamaq faktiki olaraq mümkün deyil. Praktika da qeyd etdiyim faktı dəfələrlə təqsidləyib və bu günün özündə təsdiqləməkdədir – kitab mağazalarında toz basan, öz alıcısını tapmayan və heç vaxt da tapmayacaq minlərlə çeşid kitablar var. Bir botanik kimi, həmin kitablara sərf olunan odunlara təəssüflənirəm.
– Hədəf Nəşrləri kitab bazarında daha çox elmi-metodiki vəsaitləri ilə tanınırdı. Amma birdən-birə bədii ədəbiyyat sahəsinə də istiqamət aldı və bir ilə yaxındır ki, bu istiqamətdə davamlı nəşrləriniz olur. Bazarın istədiyini verə bilirsinizmi?
– Nəşriyyatımız fəaliyyətinin birinci etapını uğurla bitirib – metodik nəşrlərimiz cəmiyyətdə gözlədiyimiz rəğbəti qazanıb. Uşaq ədəbiyyatının çeşidini də son iki ildə genişləndirmişik. “Dədə Qorqud” dastanları adlı 5-10 yaşlı uşaqlar üçün nəzərdə tutduğumuz böyük bir layihəni oxucuların ixtiyarına vermişik. “XAN” bədii silsiləmiz bir ildən artıq müddətdir ki, fəaliyyətə başlayıb. Bu silsilədə hələlik 4 istiqamətdə bədii nəşrləri çapa hazırlayırıq – milli, çağdaş, tərcümə və xatirə ədəbiyyatı. 2014-cü ildə təsis etdiyimiz silsilələrdən biri də “Cib kitabları”dır. Bu seriyadan ilk kitab – “Hikmətli sözlər” artıq kitab mağazalarındadır“. Avropa yazarlarının hekayələri” silsilənin 2-ci kitabıdır və yaxın günlərdə işıq üzü görəcək.
Oxucuların istəyinə gəlincə isə bunu deyə bilərəm ki, kitablarımızın satış qiymətlərini müəyyən edəndə mütləq və mütləq tələbə kontingentinin kiçik büdcəsini nəzərə alırıq. Özümüz də yaxın keçmişdə tələbə olmuşuq. Əlbəttə ki, oxumaq istədiyin kitabın qiymətinin sənin cibinə uyğun olmamasının necə ağrılı olduğunu yaxşı bilirik. Biz eyni qayğını müəlliflərimizə də göstəririk. İllərlə yada düşməyən dəyərli müəlliflərimizin əsərlərini yenidən çap edib qonorar verdiyimiz az olmayıb. Hədəf Nəşrləri metodik kitabların çapında ilk imzalara da eyni fürsəti yaradıb. 3-4 əvvəl sadəcə istedadlı sıravi orta məktəb müəllimi olan kitab müəlliflərimiz var ki, bu gün kitabları əl-əl axtarılır və çox yaxşı tanına biliblər.
– Yaxın günlərdə Hədəf Nəşrlərinin təsisçiliyi ilə ikinci Kitabevim.Az mağazası açıldı. Ümumiyyətlə, nəşriyyatların kitab mağazaları açması bir tendensiya kimi nə dərəcədə doğru sayıla bilər?
– Məncə bu proses daha da sürətləndirilməlidir. Bir neçə yerdə qeyd etmişəm və hələ də bu fikrimin üstündə dayanıram ki, kitabçılıq bizdə hələ də ən az dəbdə olan sahədir. Hər gün radiolarda, televiziya kanallarında 20-dən çox yeni mahnının təqdimatı olur. Amma baxın, təkcə Bakıda onlarla nəşriyyat fəaliyyət göstərir. Buna baxmayaraq orta hesabla ayda cəmi 2 yeni əsər yazılır, ya yazılmır. Mikrofona ikiəlli sarılmaq üçün sinov gedən gənclik zəhmət çəkib tək əli ilə qələm tutmaq istəmir. Eyni zamanda yazılan əsərlərə də laqeyddirlər.
– Müxtəlif yazıçılar və nəşriyyatlar arasında daha səmərəli əməkdaşlıq yaratmaq, kitab bazarını inkişaf etdirmək üçün nələr etmək olar və siz nə edə bilərsiniz?
– Məncə kitab bazarının inkişafı bilavasitə yazıçı və nəşriyyatların həmrəyliyindən keçir. Kitab təqdimatlarını, müzakirələri, o cümlədən kitab mağazalarını genişləndirmək, sayını artırmaq çox vacibdir. Xüsusilə, əyalətlərdə kitaba olan marağın artırılması gərəkdir. Ən azı yay aylarında ayrı-ayrı bölgələrdə səyyar kitab sərgiləri, sərgi-yarmarkalar, kitabla bağlı festivallar keçirilməlidir. Oxucuların müəlliflərlə görüşünə ciddi diqqət ayrılmalıdır.
– “Anamın Kitabı” Ədəbi Mükafatının layihə rəhbərisiniz. Mükfatlar və müsabiqələr siyahısına daha biri əlavə olunur, yoxsa, bu siyahıda fərqli yer tutmaq üçün “Anamın kitabı”nın daha üstün cəhətləri var? Pyes müsabiqəsinin şərtləri və hazırkı vəziyyət barədə də danışardınız.
– Layihənin müəllifi Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadıqov, təsisçisi isə Hədəf Nəşrləridir. Hələ ki, əsərlərin qəbulu prosesi may ayının sonuna qədər davam edəcək. Müəlliflər bir və ya iki pərdədən ibarət pyeslərini müsabiqə üçün təqdim edirlər. Qalib əsər Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulacaq. “Anamın Kitabı” Ədəbi Mükafatı milli-mənəvi dəyərlərimizə, ana dilimizə və ədəbiyyatımıza xidmət edəcək böyük müsabiqədir. Əsərlərini göndərən bütün müəlliflərə müvəffəqiyyətlər arzu edirəm. Və bütün gənc yazarlarımızı dramaturgiyada qələmlərini sınamağa çağırıram.
– Deyirsiniz ki, daha çox milli ədəbiyyatın inkişafına çalışırıq. Milli ədəbiyyatın inkişafı üçün daha çox hansı janrlarda əsərlərin yazılmasını vacib sayırsınız? Sizcə, bəzi tənqidçilərin qeyri-ciddi janr saydığı detektiv əsərlər yazmaqla, milli ədəbiyyatda nə kimi xidmətlər göstərmək olar?
– Janrından asılı olmayaraq ədəbiyyatımızda milli xətti qoruyub saxlamaq vacibdir. Qətiyyən postmodernizmin, yaxud da hansısa yeni cərəyanın əleyhinə deyiləm. Yəqin ki, fikrimi izah edə bilirəm. Məsələn, detektiv janrda əsər yazılmalıdırsa, Artur Konan Doyl və ya Aqata Kristi etalon olmamalıdır. Bunun üçün Həsən Seyidbəyli yaxud Cəmşid Əmirov kimi nümünələr var. Mən milliliyin və yeniliyin tərəfdarıyam. Paradoks kimi görünə bilər. Amma yeniliyi heç vaxt Qərb ədəbiyyat nümunələrini təqlid etməkdə görmürəm, yenə deyirəm, millilik mənim üçün önəmlidir. Mənə doğma olan detektiv janrı isə bu dəfə müdafiə etməyəcəyəm. Oxucular bilir ki, xəfiyyə ədəbiyyatı elm və məntiq üzərində qurulub. Məntiqli insan isə qeyri-ciddi hesab oluna bilməz.
– Son zamanlar ədəbiyyatda “şou-biznes” elementləri hiss edilməyə başlayıb. Və sosial şəbəkələrdə də müxtəlif müzakirələr gedir, ayrı-ayrı yazarların adları hallanır. Sizcə, ədəbiyyatımız və kitab bazarının inkişafına bu elementlər bu elementlər fayda verir, yoxsa əksinə?
– Ədəbiyyatımıza faydasından danışmayaq, çünki, necə deyərlər, kor-kor, gör-gör: həmin əsərlərin ədəbiyyata dəxli yoxdur. Digərinə gəlincə, kitab bazarına fayda deyəndə ki, nəzərdə tutduğunuz kitablar üçtərəfli kommersiya əsərləridir – yazan, çap edən və satan hamı qazanır. Məhz elə çox satılmaq üçün də, əsərlər manıs personajları ilə zənginləşdirilərək yazılır. Müəlliflər düşünür ki, nə qədər yüngül və bədii çəkisi olmayan əsər yazsalar, kitabları o qədər maraqla qarşılanacaq.
– İnsanlar nə vaxt detektiv oxumaqdan bezəcək?
– Yaxşı kitab və yaxşı satılan kitab anlayışı var. Və deyim ki, bunlar eyni anlayış deyil. Yaxşı kitablar yaxşı satılmaya bilər. O cümlədən yaxşı satılan kitablar yaxşı kitab olmaya bilər. Deyəsən yanıltmaca bənzədi. Amma məntiq var. Detektiv əsərlər də məhz bu məntiqlə daha çox satılır – yaxşı janr, yaxşı kitab və yaxşı satılan kitab. Yaxşı, zarafatsız, bu hələ çox gənc janrdır. Gələcəyi irəlidədir. Bu janrda çox yaxşı bələd olan oxucu olaraq deyə bilərəm ki, xəfiyyə ədəbiyyatı hələ ki, inkişafının kuliminasiyasına çatmayıb. Bütün bunların fonunda bayaq da qeyd etdiyim kimi, mən detektiv əsərlərimizdə millik xəttinin olmasının tərəfdarıyam və özüm də buna çalışıram.
AzVision.az
Teqlər: