`Nuh` filmi Azərbaycanda yasaqlana bilərmi?

`Nuh` filmi Azərbaycanda yasaqlana bilərmi?
  09 Aprel 2014    Oxunub:1878
Məlum olduğu kimi, məşhur aktyor Russel Krovnun baş rolda olduğu “Nuh” filmi bir neçə islam ölkəsində - Malaziya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərində qadağan olunub. Misirin əl Əhzər universiteti isə filmin nümayişinə icazə verilməməsi ilə bağlı fətva verib.Bunun səbəbi Nuh peyğəmbərin simasının göstərilməsidir.
27 martdan etibarən filmin Azərbaycanda da nümayiş olunduğunu nəzərə alsaq, bizim din xadimlərinin də filmə münasibəti maraqlıdır. Ümumiyyətlə dində peyğəmbərin simasının göstərilməsi haramdırmı?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini Hacı Fuad Nurullah AzVision.az-a müsahibəsində filmə baxmadığını bildirsə də, dində peyğəmbərin simasının göstərilməsinin haram olmadığını deyib:

- Bu filmə baxmamışam. Peyğəmbərin üzünün filmdə göstərilməsinə gəlincə, deyə bilərəm ki, məsələyə müsəlman dünyasından fərqli yanaşmalar ola bilər. Amma islam alimlərinin çoxu bunu birmənalı qəbul etmir. Bəziləri deyirlər ki, peyğəmbələrin üzləri göstərilməsə daha yaxşıdır. Yeganə olaraq Məhəmməd Peyğəmbərin surətinin göstərilməməsi məsləhət görülür. Qalan peyğəmbərlərin rolunda kiminsə oynaması qəbahət deyil. O film müsbət xarakterli çəkilibsə, yəni insanların əxlaqına, mənəviyyatına, millətlərarası mehribanlığına xidmət edirsə və peyğəmbərlərə qarşı mənfi yanaşmalar yoxdursa, göstərilə bilər. Ona görə də bizim alimlər peyğəmbər rolunda kiminsə iştirakını heç də qəbahət bilmir.

İlahiyyatçı Məhəmməd Peyğəmbərin simasının göstərilməsinin niyə qadağan olduğunu da izah edib: “Filmdə peyğəmbər rolunu oynayan şəxs sabah cəmiyyətə çıxan zaman istər-istəməz deyə bilərlər ki, `filan peyğəmbər` gəldi. Bu da peyğəmbərə qarşı hörmətsizlik ola bilər. Məhəmməd Peyğəmbər peyğəmbərlərin tacı hesab olunur. Müxtəlif artistlərə `Məhəmməd` deməsinlər deyə, onun surətinin göstərilməsi məsləhət bilinmir”.

Din xadimi Hacı Bəhruz da adıçəkilən filmdən xəbərsizdir: “Əgər səbəb peyğəmbərin üzünün göstərilməsidirsə, düşünmürəm ki, buna gorə film qadagan olunsun. Çünki filmlərdə İsa peyğəmbərin, yaxud Həzrəti Süleymanın, Həzrəti Yusifin siması göstərilir. Ola bilsin ki, bu filmdə şəriətə zidd hansısa nüanslar olub. Bəlkə sətraltı peyğəmbərin şəxsiyyəti təhqir olunub”.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti