`Azərbaycanla İran regionda sabitlik yarada bilərlər`

`Azərbaycanla İran regionda sabitlik yarada bilərlər`
  09 Aprel 2014    Oxunub:1488
`Hazırkı şəraitdə iki ölkə arasında balanslaşdırılmış əlaqələr mövcuddur. İqtisadi əlaqələr qənaətbəxşdir, lakin daha yüksək səviyyədə ola bilər. Siyasi baxımdan da iki ölkə arasında münasibətlər yaxşıdır və İranla Azərbaycan ikitərəfli məsələlərdə, regional və beynəlxalq proseslərdə bir-birinə yardım edirlər”.
Bu sözləri `Trend`ə müsahibəsində İranın xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.

- Düşünürəm ki, regionun təhlükəsizliyinin təminində də İran və Azərbaycan digər region ölkələrinin iştirakı ilə birgə əməkdaşlıq edə və regionda sabitlik yarada bilərlər. Bu gün regionun digər bölgələrində iki ölkənin iradəsindən kənar hadisələr baş verir, bu səbəbdən də İran və Azərbaycanın daima məsləhətləşmələr aparmasına ehtiyac var,- deyə o, bildirib.

Qarabağ problemindən danışan diplomat deyib ki, danışıqların ləng getməsindən məmnun deyillər: “Ümid edirik ki, iki ölkə arasında razılıq əldə olunacaq və gələcəkdə ehtimal olunan münaqişələrin qarşısı alınacaq. Həmçinin həmin ərazilərdə tarixi və dini abidələrin dağıdılmasının qarşısının alınmasına şərait yaranacaq və xalqlar bölgədə sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar”.

Xəzərin statusundan danışan Rəhimpur bildirib ki, bu, ikitərəfli və ya üçtərəfli həll olunacaq məsələ deyil, bu məsələ hər beş ölkənin iştirakı ilə müzakirə olunmalıdır: “Dövlət başçılarının Həştərxanda keçiriləcək dördüncü Zirvə toplantısına qədər Xəzəryanı ölkələr hüquqi statusun müəyyən edilməsi ilə bağlı sənədi tam hazır edəcəklər, ya yox, bunu dəqiq deyə bilmərəm. Bu, ölkələr arasında aparılan müzakirələrdən asılıdır. Ümid edirik ki, bu sammitə kimi hüquqi statusla bağlı sənədin bir çox hissəsi razılaşdırılacaq və imzalanmaq üçün hazır olacaq. Ölkələrin bu məsələ ilə bağlı baxışları fərqlidir və bu təbiidir. Ölkələrin mövqeyi və mənafeyi bu məsələdə bir-birindən fərqlidir və elə buna görə də 18 ilə yaxındır ki, müzakirələr aparılır. Yaxın bir neçə ay ərzində bu məsələnin həll olunması bizim də istəyimizdir və ümid edirik ki, bütün ölkələr bu istəyin həyata keçməsinə çalışacaq. Bir neçə məsələdə Xəzəryanı ölkələr arasında ciddi fikir ayrılıqları var və bu fikir ayrılığı əsasən sərhədlərin müəyyən edilməsi məsələsindədir. Hələlik bu məsələ ilə bağlı beştərəfli razılıq əldə olunmayıb. Ona görə də hazırda ekspertlər səviyyəsində bu sahədə ədalətli və müştərək mənafeni təmin edə biləcək nəticə əldə etmək üçün danışıqlar aparılır”.


Teqlər:





Xəbər lenti