Müxalifət Sarkisyanı devirməyə hazırlaşır
Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif Erməni Milli Konqresi “prezident Serj Sarkisyanı da istefaya məcbur etmək” niyyətindədir. Müxalifətçilər 2008-ci ildən baş nazir olan Tiqran Sarkisyanın istefasından sonra qarşılarına belə bir məqsəd qoyublar.
“Baş nazirin istefasını hökumətin dəyişdirilməsinin birinci mərhələsi hesab edirik. Bundan sonra biz ikinci mərhələnin həyata keçirilməsi prosesinə başlayırıq. Bu mərhələ prezident Serj Sarqsyanın istefasıdır”-deyə müxalifət liderlərinin bəyanatında bildirilir.
“Kabinet heç vaxt indiki kimi zəif olmayıb. Hökumətin dəyişdirilməsi üçün bundan yaxşı imkan ola bilməz” – deyə Parlamentdə Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.
Parlamentin spikeri Eduard Şarmazanovun sözlərinə görə, baş nazir Sarkisyan hələ bir ay əvvəldən səlahiyyətlərini təhvil verməyə qərar verib, lakin “Ermənistanın Gömrük ittifaqına qoşulması prosesini nəzərə alaraq, Prezident Serj Sarkisyan ondan qərarını bir müddət təxirə salmağı xahiş edib”.
Bu faktı keçmiş baş nazirin özü də Facebook səhifəsində təsdiq edib.
“Mən hərtərəfli götür-qoy etdikdən sonra belə bir qərar vermişəm. “Hakim Respublika Partiyasını iqtisadi forumu və bir sıra digər mühüm dövlət tədbirlərinə görə, danışdıq ki, istefa prosesini müəyyən müddətədək təxirə salaq” – Tiqran Sarqsyan yazıb.
Erməni müxalifəti ümid edirdi ki, parlamentin aprelin 28-də keçiriləcək iclasında hökumətə etimadsızlıq səsə qoyulacaq. Səsvermələr kütləvi aksiyalarla müşayiət olunmalı idi. Levon Zurabyanın fikrincə, baş naziri istefaya göndərməklə hökumət “ümumxalq inqilabının və mitinqlərin keçirilməsinin qarşısını almağa calışıb”.
Lakin baş nazirin istefasına baxmayaraq müxalifət mitinqlər keçirmək niyyətindən əl çəkməyəcəyini bəyan edir. Bundan sonra onların növbəti və başlıca tələbi prezident Serj Sarkisyanın istefasıdır.
Səbinə Həsənova
AzVision.az