Ukraynada vətəndaş müharibəsi təhlükəsi artır

Ukraynada vətəndaş müharibəsi təhlükəsi artır
  03 Aprel 2014    Oxunub:953
Ukraynada iqtisadi problemlərlə üz-üzə qalan müvəqqəti hökumət indi daha ciddi problemi həll etməlidir.

Sabiq prezident Viktor Yanukoviçin devrilməsindən sonra küçə və meydanları boşaltmaq istəməyən bəzi radikal qruplar əllərindəki silahları rəqiblərinə qarşı çevirib. Başda paytaxt Kiyev olmaqla ölkənin bir çox iri şəhər və rayonlarında indi gündüzlər belə küçələrə çıxmaq çox təhlükəli hesab edilir. Vəziyyətin ciddiliyini görən Daxili İşlər Nazirliyi əhaliyə müraciət edərək əllərində olan silahları təhvil verməyi tələb edib. Lakin vətəndaş müharibəsi təhlükəsi yaradan silahlı dəstələrin çağırışa məhəl qoymaması hökuməti daha sərt addımlar atmağa vadar edib.

Parlament təhlükəsizlik əməkdaşlarından başqa ölkədə heç kimin silah daşımaq hüququnun olmaması barədə qərar qəbul edib. Qərb isə Ukraynanı Rusiyanın cəngindən qurtarmağa çalışır. Moskvanın əsas kartı olan mavi yanacaq asılığından Kiyevi qurtarmağa çalışan Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Ukraynaya yardımların sonrakı mərhələsini müzakirə edir. Brüsseldə bir araya gələn Dövlət katibi Con Kerri və avropalı həmkarı Ketrin Eşton bəyan edib ki, nəinki, Kiyev, ümumilikdə Avropa bütünlüklə Rusiyadan qaz asılılığından tezliklə xilas olmalıdır.

Qeyd edək ki, Ukrayna ilə münasibətləri son dərəcə gərgin olan Kreml bu ölkəyə nəql etdiyi mavi yanacağın qiymətini gözlənilmədən qaldırıb. Bu arada Rostovda xarici jurnalistlərin suallarını cavablandıran keçmiş dövlət başçısı Viktor Yanukoviç ölkəsinin düşdüyü çətin vəziyyətdən təəssüf hissi keçirdiyini qeyd edib.

O bildirib ki, əslində hadisələrin bu ssenari üzrə inkişaf edəcəyini heç vaxt gözləmirmiş. O, həmçinin etiraf edib ki, Rusiya prezidenti Vladimir Putinə müraciət edərək müxalifəti cəzalandırması üçün ondan kömək istəyib. Bununla da Yanukoviç ölkəyə rus qoşununun girməsi üçün müraciət etdiyini rəsmən təsdiqləyib.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti