Daha bir ştat Azərbaycanın ərazi bütövlüyünü tanıdı
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, qətnamə Nümayəndələr Palatasının plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.
Nümayəndələr Palatasının həm demokratlar, həm də respublikaçılar fraksiyaları tərəfindən dəstəklənən qətnamənin təqdimatı zamanı demokratik çoxluğun rəhbəri Rida Kabanilla, respublikaçı azlığın rəhbəri Cin Vord, turizm komitəsinin sədri Tom Brauer və təhsil komitəsinin üzvü Riçard Fali çıxış edərək, Azərbaycan-ABŞ tərəfdaşlığının yüksək strateji önəm daşıdığını bildirib, Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə böyük səylər göstərdiyni qeyd ediblər.
Qətnamədə Azərbaycanın son 23 il ərzində öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyi və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyi qeyd edilir. Bildirilir ki, Azərbaycan Xəzər hövzəsi kimi çox önəmli bir bölgədə ABŞ-ın güclü müttəfiqidir. Qeyd olunur ki, ABŞ və BMT Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi və hazırda Əfqanıstanda yerləşən ABŞ qüvvələri üçün nəzərdə tutulmuş təchizatın 40%-nin Azərbaycan ərazisi vaitəsilə daşındığı qeyd olunur. Sənəddə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.
Qətnamədə Azərbaycanda müxtəlif dini və etnik icmaların əsrlərdən bəri dinc şəraitdə yaşadığı vurğulanır.
Habelə, Azərbaycanın Havay ştatı ilə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və Havay ştatının paytaxtı Honolulu şəhərinin Bakı şəhəri ilə uzun illərdən bəri qardaşlaşmış şəhərlər münasibəti saxladığı qeyd olunur.
Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməli olduğu vurğulanır, Havay ştatının Nümayəndələr Palatasının Azərbaycan-ABŞ strateji tərəfdaşlığını və dostluğunu tam dəstəklədiyi bəyan edilir və bu münasibətlərin növbəti illərdə daha da güclənəcəyinə ümid ifadə edilir.(Trend)
Teqlər: