Nazir Azərbaycanın iqtisadi göstəricilərini açıqladı
Nazir qeyd edib ki, sənaye zonalarının istehsalı ölkə üzrə qeyri-neft sənayesi istehsalında xüsusi çəkisi 2017-ci ildəki 3,2 faizdən 14,2 faizədək artıb: "Sənaye zonalarında istehsal olunan əsas məhsulun qeyri-neft ixracında payı yüksəkdir. Bütün sənaye zonaları üçün nəzərdə tutulan 6,7 milyard manat həcmində investisiyaların 6,3 milyard manatı həyata keçirilib. Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətini (ABƏŞ) çıxmaq şərti ilə cari ilin ilk doqquz ayında özəl sektora investisiyalarda 11% real artım müşahidə olunub. Hazırda növbəti 5 ili əhatə edən və bu ilin əvvəlində ölkə başçısı tərəfindən təsdiq edilən inkişaf prioritetlərinə uyğun tərtib edilən strateji inkişaf planı təsdiqlənmə ərəfəsindədir. İnkişafın əsas drayverləri kimi özəl sektorun və dövlət-özəl tərəfdaşlığının alətlərini müəyyənləşdirən bu sənəd Baş nazirin ümumi rəhbərliyi ilə 10 işçi qrupu tərəfindən hazırlanaraq ölkənin inkişaf perspektivlərini ehtiva edir".
M.Cabbarov əlavə edib ki, bu günədək ölkədə 510-dan çox invesitiya layihəsi üçün təşviq sənədi verilib: "Bu layihələrin ümumi dəyəri 4,6 milyard manat olub. Bu əsasən ölkənin regionlarında həyata keçirilən layihələrə şamil edilib. Cari ilin 9 ayında qeyri-neft ixracının həcmində 41 faiz artım müşahidə edilib. 2021-ci ilin sonunda qeyri neft ixracının 2,4 milyard dollardan az olmaması nəzərdə tutulur. 2021-ci ilin 9 ayında qeyri neft ixracının qeyri- neft ÜDM-də payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz artaraq 7,7 faizə çatıb. Bu dövrdə qeyri- neft sənaye məhsullarının ixracı ötən illə müqayisədə 1,6 dəfə artıb.
İlin 9 ayında sənaye zonalarında ixrac olunan qeyri- neft məhsullarının həcmi 320 milyon dollara çatıb. Bu da ötən dövrü ilə müqayisədə iki dəfə çoxdur. Sənaye zonalarının qeyri- neft ixracında payı 18 faizə çatıb. Göstəricilər Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı yüksəliş strategiyası üzrə inkişaf etdiyini göstərir. Bu isə yerli və xarici investorların ölkəmizdə fəaliyyətə başlaması üçün əminlik yaradan amildir".
Aytən Zəhra
AzVision.az
Teqlər: İqtisadiyyat ÜDM