Ərdoğandan Twitter-lə bağlı AÇIQLAMA
"Mən burada çox açıq və konkret bir şey deyəcəyəm. 10 milyon tablet kompüter paylamağa hazırlaşırıq. İndiyədək 260 min tablet paylamışıq. Məktəblərdə yüksək texnologiyalı lövhələr quraşdırırıq. Bu, belə bir hökumətdir. Bizim dərdimiz Tvitterin özü deyil, yanaşmasıdır. Əgər Tvitterdə bu cür əxlaqsızlar əxlaqsızlıqlar yayarsa, siz buna qarşı ölkəni təhrik edən, rahatlığını qaçıran hadisələrin qarşısında dəfələrlə xəbərdarlıq etməyimizə, məhkəmə qərarları göndərməyimizə baxmayaraq, bunu dayandırmazsanız, bizim üzərimizə düşən - lazım gələrsə, bunu bağlaya bilməkdir. Bunun uzunmüddətli olub-olmayacağı - artıq başqa bir məsələdir. Düzələrsə, daimi olmaz", - Ərdoğan belə deyib.
Müsahibə zamanı Rəcəb Tayyib Ərdoğan ABŞ, Fransa, Almaniya, Hindistan, Böyük Britaniya kimi ölkələrdə də lazım gəldikdə Facebook, Twitter, Google kimi internet səhifələrin müxtəlif vaxtlarda, müxtəlif səbəblərdən dolayı bağlandığını da diqqətə çatdırıb. "Bizdəki ünsiyyət və əlaqə azadlığı bu ölkələrin əksəriyyətində yoxdur", - deyə Türkiyənin baş naziri bildirib.
Ərdoğan həmçinin Türkiyə prezidenti Abdulla Gülün Twitterin bağlanmasına qarşı çıxmasına da münasibət bildirib. "Təbii ki, cənab prezident bu mövqedən çıxış edə bilər, amma mən bu mövqeyi bölüşmürəm. Cənab prezident tvit ata bilər, amma mənim çox da aram yoxdur elə şeylərlə. Seçki qabağı mitinqlərdə çıxış edirəm, mənim bu cür şeylərlə məşğul olmağa vaxtım yoxdur", - Rəcəb Tayyib Ərdoğan belə deyib.