"Zəngilandan Naxçıvana, Türkiyəyə və Avropaya yol açılacaq" - Prezident

   "Zəngilandan Naxçıvana, Türkiyəyə və Avropaya yol açılacaq" -    Prezident
  21 Oktyabr 2021    Oxunub:766
"Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub".
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev okryabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı ilə sakinlər arasında söhbər belə davam edib:

Sakin: Cənab Prezident, xatırlamasam, günah olar, bizim Zəngilan rayonunun ərazisində böyük Mincivan stansiyası yerləşirdi. Sovetlər dönəmində oraya hansı qatarlar gəlmirdi - Bakı-Qafan, Bakı-Noraşen, Bakı-Mincivan. O qatarlar bizim arzularımız idi. Bu yerlərin, yurdların insanları öz vaxtını, zamanının ölçüsünü o qatarların hərəkət qrafiki ilə qururdular. İndi Siz Azərbaycanın dəmir yollarını Zəngəzura və dünyaya açırsınız. Tezliklə o yollarla böyük qatarlar gələcək. Bu qatarlar Azərbaycanı dünya ilə qovuşduracaq. Bu da Sizin böyük quruculuq əzminizdən xəbər verir.

Prezident İlham Əliyev: Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey yoxdur, dəmir yollarını onlar çoxdan daşıyıb aparmışdılar. O relslərdən tank əleyhinə istehkamlar qurmuşdular. Stansiyanın binası da tamamilə dağılmış vəziyyətdə idi.

Sakin: Cənab Prezident, Siz Mehriban xanımla qoşa qanad kimi Azərbaycanın bütün kəndlərini, Zəngəzuru, Qarabağı diyar-diyar gəzmisiniz, qarış-qarış gəzib ziyarət etmisiniz. Ən vacibi nədir? Siz o kəndləri, toponimlərin qədim adlarını bilirsiniz, bərpa edirsiniz, onları bizə öyrədirsiniz, həm də tarixi ədaləti bərpa edirsiniz. Bu, çox vacib amildir. Çünki bizim tariximizdə bunlar unudulmuş məqamlardır. Biz bunları bərpa etməliyik. Ona görə də biz Sizə böyük minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Çox sağ olun, buradan Naxçıvana yol açılacaq. Oradan da Türkiyəyə, oradan da Avropaya.

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti