Gürcüstanın baş naziri Novruz tonqalını yandırdı
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində keçirilən Novruz şənliyində iştirak edib.
Baş nazir Novruz tonqalını alovlandırdıqdan sonra meydançaya toplaşan əhaliyə azərbaycanca müraciət edərək onlara can sağlığı, xoşbəxtlik, sülh arzulayıb. İ.Qaribaşvili deyib ki, “Əmin-amanlıq, bərabərlik, xeyirxahlıq rəmzi olan Novruz bayramına qatılmaq mənim üçün çox xoşdur. Biz bir ölkənin sakinləriyik və ölkəmizin xoşbəxt gələcəyinə xidmət göstəririk. Əcdadlarımız da birgə fəaliyyət göstərmiş, Vətənə birgə xidmət ediblər”. Bu ənənələrin davam etdiriləcəyinə və zənginləşdiriləcəyinə əmin olduğunu vurğulayan İ.Qaribaşvili Azərbaycan-Gürcüstan münasibətlərinin tarixinə, xalqlarımızın dostluq və qardaşlığına diqqət çəkib.
Baş nazir deyib ki, azərbaycanlılar zəhmətkeş və qanunsevər insanlardır və Gürcüstanın kənd təsərrüfatı məhsulları ilə təminatında xüsusi xidmətləri vardır. Onların zəhmətinin layiqincə qiymətləndiriləcəyini qeyd edən İ.Qaribaşvili azərbaycanlı gənclərin gürcü dilini öyrənməyə böyük maraq göstərmələrini alqışlamış və hamını dövlət dilinin öyrənilməsi layihəsinə qoşulmağa çağırmışdır. O demişdir ki, bununla azərbaycanlılar dövlət quruculuğu işlərinə daha fəal qoşula biləcəklər.
İ. Qaribaşviliyə müqəddəs Quran kitabı hədiyyə edilib.
Sonra Baş nazir onu müşayiət edən şəxslərlə birlikdə bölgəyə daxil olan altı rayon tərəfindən bayram münasibətilə təşkil olunmuş pavilyonlara, Marneulidəki “Çay evi”nə baş çəkmiş, ağacəkmə aksiyasında iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib.