Yaddaşımızı təzələyək: 20016-cı ildə Rio-de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımız 1 qızıl, 7 gümüş, 10 bürünc olmalaqla, ümumilikdə 18 medal qazanıblar. Son olimpiadalarda uğurlarını, medal sayını artıra-artıra gedən Azərbaycan idmançılarının bu qədər zəif çıxışları istər-istəməz suallar doğurur. Nə baş verib?
Azvision.az idman ictimaiyyətinin tanınmış simaları ilə bu haqda söhbətləşib.
İdmançılarımız niyə zəif çıxış edir? - Rəsmi mövqe |
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun fikrincə, uğursuzluğun əsas səbəblərindən biri desinxronizasiya ola bilər. Çünki azərbaycanlı idmançıların məşq etdiyi saatlarla Yaponiyada yarış keçirilən saatlar bir-birindən çox uzaqdır:
- Bu Olimpiya Oyunları indiyə kimi keçirilənlərdən xeyli fərqlənir. Əvvəla, koronavirusla əlaqədar idmana aidiyyatı olmayan, lüzumsuz bir neçə məqam var. Bəlkə də bu lüzumsuz məqamlar insanların sağlamlığı nəzərə alındığı üçün baş verir. Buna hazır olan ölkələrin medal əyarlarında üstünlüyünü görürük. Əvvəllər nəticə verməyən bir neçə ölkə bu dəfə yaxşı çıxış edir. Pandemiya dövründə qırmızı zonaya daxil olan ölkələrdə də fərqliliklər gördük. Qardaş Türkiyə, Almaniya, İtaliya və Ukrayna kimi ölkələrin göstəriciləri Azərbaycanın idman göstəricilərindən aşağıdır. Digər tərəfdən, saat fərqi Yaponiyadan az olan dövlətlərin fərqləndiyini görürürük.
Raqif Abbasovun sözlərinə görə, önümüzdə Azərbaycan idmanının dayaq növlərindən olan Karate və Güləş yarışları var. Bu növlərdə ümidlər hələ qalır. Əyarına görə daha yaxşı medallar uğrunda mübarizə bu gündən başlayacaq. Amma Azərbaycanda dayaq idman növlərilə yanaşı, digər növlərin də inkişafı vacibdir. Məşqçi və hakim korpusunun da yüksək səviyyədə imkişafı lazımdır. Eyni zamanda beynəlxalq federasiyalarda da təmsilçilərimiz olmalıdır:
- Tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan boksçusu Cavid Çələbiyev bütün meyarlara görə erməni rəqibindən üstün idi. Argentinalı hakimin ədalətsizliyi, ikili yanaşması bizə aydın olmadı. Etirazı tək biz yox, ukraynalı və özbəkistanlı mütəxəssislər də bildirdilər. Bu da onu göstərir ki, beynəlxalq federasiyaların özündə ikili yanaşma var. Növbəti Olimpiya Oyunlarında Azərbaycan mütəxəssislərinin beynəlxalq qurumlarda, icraiyyə komitələrinin üzvlüyündə, hakimlik kollegiyalarında daha çox təmsil olunması lazımdır. Bu, minimum ədalət prinsipinin qorunmasının təmin olunması məqsədilə aparılmalıdır.
Raqif Abbasovun fikrincə, heç nəyə baxmayaraq, birmənalı şəkildə idmançılarımızın yanında olmalıyıq. Azərbaycanın hər bir idmançısı vətənə medalla qayıtmaq istəyir. Yarışları hələ keçirilməyən idmançılarımıza da dəstək olmaq lazımdır.
İdman şərhçisi Pərviz Musayev deyir ki, kişilərdən ibarət cüdo komandamız onu xüsusilə məyus edib.
- Ağla gələn ilk məqam hazırlığın yaxşı olmamasıdır. Təbii ki, komandanın içində olmadığımızdan, bunu dəqiqliyilə deyə bilmirik. Amma idman federasiyalarımızın maliyyə baxımından sıxıntıları var. Həmin federasiyanın gücü ancaq lisenziya qazanmağa çatır. Məsələyə bir qədər fərqli yanaşmaq lazımdı. Üç-dörd federasiyamız var ki, maliyyə sıxıntısı çəkmir. Onlardan biri də cüdodur. Cüdo da nəticə vermədi. Demək, hansısa problem və ya boşluqlar var. Bu, araşdırılmalıdır ,- deyən ekspert milliləşdirdiyimiz idmançılarımız barədə danışmağı lazım bilir. Onun fikrincə, bu məsələyə kökündən yeni yanaşma ortaya qoyulmalıdır: “45 nəfər arasında 40-cı yeri tutan idmançını gətirib, milliləşdirməyə ehtiyac varmı? Düzdür, Rio olimpiadasına nəzərən milliləşdirdiklərimiz azalıb. Amma bunu keyfiyyətli şəkildə etmək lazımdır. Mən milliləşdirməyə qarşı deyiləm, elə ilk 2 medalımızı da milliləşmiş idmançılarımız qazanıb. Mariya Stadnik kimi bir atletdən kim imtina edər? Amma bir sualı da vermək lazımdır ki, yerli idmançılarımızın yetişdirilməsində vəziyyət necədir? Əgər bir xaricini gətirib, milliləşdirib, diqqəti ona verib, yerli idmançıları yetişdirməkdə geri qalırıqsa, bu, bizə lazımdırmı? Rəqabət yaransa, yenə dərd yarı, amma rəqabət yaranmır”.
"Şöhrət” ordenli, "Tərəqqi” medallı əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, London Olimpiya Oyunlarının "Qızıl Fit” mükafatçısı, dünyanın ən yaxşı hakimi Hicran Şərifov düşünür ki, azərbaycanlı atletlərin hazırlığı yetərsiz olub. Pandemiya səbəbindən, hazırlıq digər ölkələrə nəzərən çox zəif aparılıb. Məğlubiyyət də bununla əlaqəlidir.
- Tək cüdo yox digər idman növlərində də vəziyyət ürəkaçan deyil. Dünya ölkələrində idmanın inkişafı pandemiya dövründə də dayanmadı. Baxmayaraq ki, Avropada pandemiya idi, məşqlər davam edirdi, bəzi yarışlar da keçirilirdi. İdmançılar da məsuliyyət hiss edib, formalarını saxlayırdılar. B izim idmançılar isə elə düşünüblər ki, pandemiya səbəbilə olimpiada keçirilməz. Bu da boşluq yaratdı. Bu gün Olimpiya Oyunlarında 206 ölkə iştirak edir. Mən inanmazdım ki, bu səviyyədə keçirilər. Təsəvvür edin ki, 150 ölkə məşqlərdən, yarışlardan qalmayıblar. Hazırlıqlarını soyutmayıb, ikinci plana salmayıblar. Ona görə də, görürsən ki, həmin idmançılar bu gün uğur qazanırlar. Bu, 1-2 ayın içində hazırlıq keçməklə olmur. Olimpiadadan qayıtdıqdan sonra 4 illik proqram tutulub, kvartallara, illərə, həfətələrə, saatlara bölüb, məşqlərə başlamaq lazımdır. Belə qalmamalıdır. Gələn oyunlara başqa prizmadan, başqa fikirdən yanaşmaq lazımdır. Bu, bizə dərs olmalıdır.
Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarında 40 lisenziya ilə 44 atletimiz 14 idman növü üzrə (cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlon) yarışlarında iştirak edirlər.
Bəxtiyar Məmmədov
Azvision.az
Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.19 Uşaq və gənclərin fiziki və mənəvi inkişafı