Sabah 3 idmançımız Olimpiadada mübarizə aparacaq

Sabah 3 idmançımız Olimpiadada mübarizə aparacaq
  27 İyul 2021    Oxunub:1799
"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın altıncı günündə - iyulun 28-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq.
Azvision.az xəbər verir ki, atletlərimiz idmanın 3 növündə güclərini sınayacaqlar.

Cüdo yarışlarının beşinci günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Məhəmmədəli Mehdiyevin (90 kq) ilk rəqibi Rafael Maçedo (Braziliya) - İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi olacaq. Görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edir. Qrup mərhələsinin ikinci turunda badmintonçumuz Danimarka idmançısı Anders Antonsen ilə qarşılaşacaq. Qarşılaşma saat 15:00-da start götürəcək.

Boks yarışlarında təmsilçimiz Alfonso Dominqes (81 kq) ilk döyüşünü keçirəcək. Boksçumuzun səkkizdəbir final mərhələsində rəqibi özbəkistanlı Dilşod Ruzmetov olacaq. Döyüş saat 15:27-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Azvision.az



Teqlər: Olimpiada  





Xəbər lenti