Türkiyədən Bakıya 320 avtobus gətiriləcək

Türkiyədən Bakıya 320 avtobus gətiriləcək
  13 İyul 2021    Oxunub:1068
Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən xəbərə görə, 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar Türkiyə Respublikasının “BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır. Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə BNA-nın nümayəndə heyəti İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli Türkiyə Respublikasının “BMC Otomativ Sənaye Ticarət” şirkətinin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.

Görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək.

Görüşdə birgə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Diqqətə çatdırılıb ki, Bakı şəhərində avtobus parkının yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb ki, onların da 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək. Qeyd olunanları nəzərə alaraq gələcəkdə BMC markalı avtobusların ehtiyat hissələrinin ölkəmizdə istehsalının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirilib. Avtobusların texniki göstəriciləri və digər parametrlərlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, 9 metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri göstərməyə və ətraf qəsəbələrin ictimai nəqliyyata əlçatanlığının artırılmasına imkan verəcək. Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz və dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün əlçatandır. Yeni avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir. Bu da öz növbəsində dövlət başçısının ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ilə bağlı həyata keçirdiyi siyasətə uyğundur.

Qeyd edilib ki, Bakı şəhərində avtobus parkının yenilənməsi nəticəsində hazırda gündəlik orta hesabla 630 mindən çox sərnişin rahat daşınır.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti