Əli Həsənova mükafat verildi

Əli Həsənova mükafat verildi
  14 Mart 2014    Oxunub:1310
“Caspian European Club” “Caspian Energy Integration Award - 2014” mükafatının sayca onuncu təqdimat mərasimini keçirib.
Martın 12-də Bakıda “JW Marriott Absheron” otelində beynəlxalq “Caspian Energy Integration Award - 2014” mükafatının sayca onuncu yubiley təqdimat mərasimi keçirilib.

Bu barədə AzVision.az-a “Caspian European Club” və Caspian Energy International Media Group”dan məlumat verilib.

Mərasimin tərəfdaşları “Azərbaycan Dəmir Yolları” QSC, “Bank Technique” ASC və “SOCAR FUGRO LLC” müştərək müəssisəsidir.

Beynəlxalq “Caspian Energy Integration Award” mükafatı dünyanın 50 ölkəsində internet vasitəsilə keçirilmiş sorğunun nəticələrinə əsasən son bir ildə Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında qazanılmış nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət şirkətlərinin və özəl şirkətlərin rəhbərlərinə təqdim edilir.

Beynəlxalq “Caspian Energy Integration Award” mükafatı “Caspian European Club” və bu il 15 yaşını qeyd edən “Caspian Energy International Media Group”un dəstəyi ilə təqdim edilir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması, Xəzərin enerji ehtiyatlarının işlənilməsinə Qərb şirkətlərinin cəlb edilməsi, Xəzər regionundan alternativ ixrac marşrutlarının və nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi nəticəsində Cənubi Qafqaz ölkələrinin və bütövlükdə Xəzər dənizi və Qara dəniz regionunun geosiyasəti və iqtisadiyyatı faktiki olaraq tamamilə dəyişib. O vurğulayıb ki, “Tam əminliklə deyə bilərik ki, “Şahdəniz-2” layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatında yeni vəziyyət yaradacaq və tarixə XXI əsrin layihəsi kimi daxil olacaqdır. Azərbaycanın enerji siyasəti təkcə bu dövlətin strateji məqsədlərinin reallaşması deyil, həm də bizim region və bütün dünya üçün mühüm aspektdir”.

Əli Həsənov daha sonra deyib ki, “Biz energetika sahəsində informasiya layihələrinin inkişafını dəstəkləyir və “Caspian Energy” klubunu bu prosesin fəal iştirakçılarından biri hesab edirik.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə vurğulamışdır ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya inteqrasiya proseslərinə qoşulması üçün çox böyük imkanlar yaradıb.

Ziyad Səmədzadə deyib ki, “İri xarici sərmayədarlarla müqavilə imzalanması, müvafiq qanunvericiliyin qəbul edilməsi, investisiya mühitinin yaxşılaşdırılması və normativ-hüquqi baza yaradılması üzrə tədbirlər gənc suveren dövlətin səmərəli fəaliyyəti üçün müsbət nəticələr vermişdir. Bütövlükdə bir neçə boru kəmərinin tikintisi və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması milli mənafelərin müdafiəsi və ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün mühüm rol oynamışdır. O, “Caspian Energy” jurnalının kollektivini 15 illik yubiley münasibətilə təbrik edərək vurğulamışdır ki, bu nəşr neft-qaz sahəsinin inkişafı barədə informasiyanı işgüzar dairələrin və dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov “Caspian Energy Integration Award - 2014” mükafatının təqdimat mərasiminin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd etmişdir ki, nominantlar arasında iqtisadiyyatın müxtəlif sektorlarını, o cümlədən İKT sektorunu da təmsil edən şirkətlər vardır. Bu, Azərbaycan üçün çox vacibdir, çünki İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının inkişafının prioritet istiqamətlərindən biridir. O, biznes-hakimiyyət dialoqunun tənzimlənməsində “Caspian European Club”un rolunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Süleyman Qasımov demişdir ki, ARDNŞ “Caspian European Club”un işində fəal iştirak edir və bu klubla əməkdaşlığın səviyyəsindən razıdır. O bildirmişdir ki, bu klub biznes-hakimiyyət dialoqunu nizamlamağa nail olmuşdur. Bu isə iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradır.

Süleyman Qasımov deyib ki, “Biz fəxr edirik ki, Azərbaycan neftçilərinin beynəlxalq səviyyəli, bizim nailiyyətlərimizi işıqlandıran və imkanlarımızı əks etdirən jurnalı vardır”.
Latviyanın Azərbaycandakı səfiri Xardi Baumanis vurğulamışdır ki, Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Səfir “Caspian Energy” jurnalını 15 illik yubileyi münasibətilə təbrik edərək demişdir: “Biz strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik”.

“Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Integration Award - 2014” mükafatının təqdimat mərasimində çıxış edərək demişdir: ““Caspian European Club” 2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər dənizi-Qara dəniz regionunda işləyən ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılmışdır. Telman Əliyev qeyd edib ki, bu gün klubun sıralarında dünyanın 50 ölkəsini təmsil edən 500-dən çox şirkət və təşkilat vardır.
T.Əliyev demişdir: “Bu il Azərbaycan və bütün region üçün əlamətdar ildir. Bu il ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycan ilə xarici neft şirkətləri arasında “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi qeyd ediləcəkdir. “Əsrin müqaviləsi” çərçivəsində əldə edilən neft gəlirlərinin qeyri-neft sektorunun inkişafı üçün cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin əsas iqtisadi strategiyası olub”.

Baş icraçı direktor bildirib ki, bu il həm də “Caspian Energy” kollektivinin peşəkar fəaliyyətinin 20 illiyi qeyd edilir. 15 il bundan əvvəl yaradılmış bu jurnal Azərbaycanın neft-qaz strategiyasını bütün dünyada işıqlandırmağa xidmət edir.

Telman Əliyev vurğulayıb ki, “Məhz klubun sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində “Caspian European Club” bu gün Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında fəaliyyət göstərən ən iri və nüfuzlu beynəlxalq təşkilatlardan birinə çevrilib”.

Telman Əliyev çıxışının sonunda uzun illər boyu bu klubun fəaliyyətini dəstəkləmiş və onunla səmərəli əməkdaşlıq etmiş dövlət strukturlarının, şirkətlərin və təşkilatların rəhbərlərinə təşəkkür etmiş, bütün nominantları qələbə münasibətilə təbrik edərək onlara öz fəaliyyətində yeni uğurlar arzulayıb.

Beləliklə, ayrı-ayrı nominasiyalar üzrə mükafatın qalibləri aşağıdakılardır:

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov - Beynəlxalq arenada Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xüsusi töhfəsinə görə;

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə - ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfəyə görə;

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov - neft-qaz sənayesinin inkişafına verdiyi töhfəyə görə;

Latviyanın Azərbaycandakı səfiri Xardi Baumanis - Azərbaycan-Latviya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə;

“Bank Technique” ASC - ilin bankı;

“SOCAR-FUGRO LLC” BM - geofiziki, geotexniki xidmətlərin göstərilməsi, həmçinin sualtı tədqiqat və sualtı tikinti xidmətləri üzrə ilin şirkəti;

“Azərbaycan Dəmir Yolları” QSC - ilin dəmir yolu şirkəti;

“Azərsu” ASC - su təsərrüfatının genişmiqyaslı inkişafına görə;

“Bakı taksi” MMC - nəqliyyat xidmətləri sahəsində əldə olunan nailiyyətlərə görə;
“AXA MBASK” sığorta şirkəti ASC - yüksək keyfiyyətli xidmətə görə ilin şirkəti;
“Atropatena” QSC - qeyri-neft sektorunun inkişafındakı nailiyyətlərinə görə;
“İdeal-Dizayn” ofis mebeli şirkəti - ilin ofis mebeli şirkəti;

R.İ.S.K. Elm-İstehsalat Birliyi - ilin ən yaxşı informasiya texnologiyaları sistem inteqratoru;

“DELTA TELECOM” LTD - ilin informasiya texnologiyaları və telekommunikasiya şirkəti;
“Bakcell” Ltd - ilin mobil operatoru;

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi - regionların qazlaşdırılmasına görə;

“Neftqaztikinti” Tresti - neft və qaz sektorunda ilin tikinti şirkəti;

“Global Energy Azerbaijan” - ilin quruda əməliyyatlar üzrə neft şirkəti;

“Azpetrol” Ltd - ilin yanacaqdoldurma məntəqələri şəbəkəsi;

“Cross Caspian Oil and Gas Logistics” LLC - ilin neft və neft məhsullarının nəqli şirkəti;

“ASE ASIA AFRIKA HIZLI CARGO” A.Ş. - Qara dəniz regionunda ilin nəqliyyat şirkəti;

“ITECA CASPIAN” LLC - ilin sərgi təşkilatçısı şirkəti,

“ORLI” - tədbirlərin təşkili üzrə ilin şirkəti.

Mərasim konsert proqramı ilə sona çatıb.


Teqlər:





Xəbər lenti