20 nəfər xarici dil imtahanından azad olunub

20 nəfər xarici dil imtahanından azad olunub
  27 İyun 2021    Oxunub:1481
Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul, xarici dillər və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən 2021-ci il iyunun 20-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 21-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər. Namizəd və iddiaçılar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 1249 namizəd və iddiaçı (999 nəfər doktoranturaya qəbul, 244 nəfər fəlsəfə doktoru, 6 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. Ümumilikdə 29 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 424 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. 41 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib. Üç əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xatırladaq ki, bundan əlavə, DİM-ə xarici dil üzrə qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 20 nəfər namizəd xarici dil imtahanından azad olunub.

Məlum olduğu kimi, müvafiq qurumlarla razılaşdırılmaqla, doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Qeyd edək ki, namizəd və iddiaçıların imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir. Hər blok üzrə minimum bal məhdudiyyəti – 20% (doktorantura və dissertanturaya qəbul imtahanı üçün esse yazısı üzrə bal məhdudiyyəti ləğv edilib).

Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən iyunun 30-dan etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 28-də və 29-da DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Azvision.az



Teqlər: İmtahan   DİM  





Xəbər lenti