Şeir kimi bir ömür... - FOTOLAR

 Şeir kimi bir ömür... -  FOTOLAR
  05 İyun 2021    Oxunub:3000
Bu gün Azərbaycanın mərhum Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.
Azvision.az bildirir ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. O, Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.



V.Səmədoğlu poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

V.Səmədoğlu 2000-ci ildə Milli Məclisə deputat seçilib.



Vaqif ədəbi-mədəni mühitdə böyüyüb, uşaqlıqdan evlərində ailəsinin ünsiyyətdə olduğu və dostluq etdiyi tanınmış musiqiçiləri, yazıçıları, şairləri, rəssamları görüb. Hər şeyi öyrənmək, bilmək marağı, musiqiyə, kitablara olan həvəsi onu yetkin bir gənc kimi yetişdirib.



Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunub.

Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkar Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.











Azvision.az


Teqlər: Vaqif-Səmədoğlu  





Xəbər lenti