AİB ölkədə fəaliyyətini genişləndirir- MÜSAHİBƏ

AİB ölkədə fəaliyyətini genişləndirir- MÜSAHİBƏ
  10 Mart 2014    Oxunub:1276
Asiya İnkişaf Bankı Azərbaycanın dövlət sektorunda 1,43 milyard dollar məbləğində aktiv layihələrə malikdir.

Azərbaycanın Asiya İnkişaf Bankına üzv olmasından 15 il keçir. Bu müddətdə bank ölkəmizdə bir sıra layihələr həyata keçirib və fəaliyyət dairəsini ildən-ilə genişləndirir. AzərTAc Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olly Noroyonodan görülən işlər, həmçinin yeni layihələrlə bağlı müsahibə alıb. AzVision.az müsahibəni təqdim edir.

-Cənab Noroyono, Asiya İnkişaf Bankı Azərbaycanda indiyədək hansı birgə layihələr həyata keçirmişdir və perspektivdə hansı layihələrin reallaşdırılması nəzərdə tutulur?

-Azərbaycan 1999-cu ildə Asiya İnkişaf Bankına üzv olub, bankın bu ölkəyə ilk yardımı isə 2001-ci ildə təsdiqlənib. O vaxtdan bəri Asiya İnkişaf Bankı dəyəri 1,65 milyard dollar olan 20 kredit və 1 qrant əsasında 18 layihə həyata keçirib. Layihələrimiz nəqliyyat, su təminatı və kanalizasiya, enerji, sosial, maliyyə və aqrar sahələri əhatə edib. Hazırda dövlət sektorunda təxminən 1,43 milyard ABŞ dolları məbləğində aktiv layihələrimiz mövcuddur. Bu vəsaitin 63 faizi nəqliyyat, 26 faizi su təminatı və kanalizasiya, 11 faizi isə enerji sahəsinə yönəlib.

Asiya İnkişaf Bankının Azərbaycanın özəl sektoru ilə bağlı layihələri 2006-cı ildən qüvvəyə minmişdir. 2013-cü ilədək 143 milyon ABŞ dolları məbləğindəki 6 layihə ilə bağlı müştərək razılıq əldə edilmişdir. Bu layihələr kiçik və orta sahibkarlığın, habelə yerli banklar vasitəsilə mikromaliyyələşmə sahələrinin dəstəklənməsinə yönəlib. Biz həmçinin ticarətin dəstəklənməsi üçün iki tərəfdaş bank vasitəsilə təminat və kreditlər verməklə, bazardakı boşluqları aradan qaldıran ticarətin maliyyələşmə proqramını da həyata keçiririk. Bu proqram 9 faizinin özəl sektorda həyata keçirildiyi 54 sövdələşmə vasitəsilə 44 milyon ABŞ dolları məbləğində qazanc gətirib.

Azərbaycanda 2014-2018-ci illər üzrə ölkə tərəfdaşlıq strategiyası və 2014-2016-cı illər üzrə ölkə biznes planı layihələrini həyata keçirməyə hazırlaşırıq. Bu layihələr hökumətin “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası proqramı ilə tam uzlaşır. Ölkə tərəfdaşlıq strategiyası nəqliyyat, şəhər infrastrukturu və xidmətləri, enerji sahələrini ön plana çəkir. Biz həmçinin şəhər nəqliyyatı, tullantıların idarə olunması və mikromaliyyə sahələrinin inkişafına yardım edəcəyik.

Asiya İnkişaf Bankı özəl sektorda ticarət maliyyə proqramını həyata keçirməkdə, kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdə davam edəcəkdir. Bankın neft-qaz sahəsində iştirakı irimiqyaslı layihələrin maliyyələşdirilməsində əhəmiyyətli rol oyana bilər.

-Azərbaycanın sürətli iqtisadi inkişafını bir sıra beynəlxalq təşkilatlar da təsdiqləyirlər. Bəs Siz bununla bağlı nə fikirdəsiniz? Azərbaycandakı investisiya mühiti barədə nə deyə bilərsiniz?

-2013-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 2012-ci ilə nisbətən 5,8 faiz artmışdır. Qeyri-neft sektorunda bu rəqəm 9,5 faizdir. Bu sektordakı sürətli inkişaf xidmət və tikinti sahələrinə, dövlət və özəl sektorlara yatırılan sərmayələrin artması ilə bilavasitə bağlıdır. Biz 2014-ci ildə Azərbaycan iqtisadiyyatının təxminən eyni templə inkişaf edəcəyini düşünürük.
2009-cu ildə 2,9 milyard ABŞ dolları məbləğində olan xarici birbaşa sərmayə 2013-cü ildə 5,3 milyard dollara yüksəlmişdir. Hökumət sərmayə mühitinin yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görmüşdür. Xarici sərmayənin müdafiəsi ilə bağlı qanunu, yeni gömrük və vergi məcəllələrini, rəqabət məcəlləsini buna misal göstərmək olar. Özəl müəssisələrə göstərilən xidmətin sürətliliyi və şəffaflığı üçün vahid pəncərə sistemi yaradılmışdır, liberal məzənnə özünü göstərir. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının üzvüdür və əmək məcəlləsini qəbul etmişdir. Ölkə, həmçinin Dünya Ticarət Təşkilatına üzv olmaq yolunda irəliləyir. Hökumət şəffaflığa nail olmağa çalışır və korrupsiya ilə mübarizəni gücləndirir. Qeyri-neft sektorunun inkişafı üçün də müəyyən işlər görülür. Bu məqsədlə azad iqtisadi zonalar və sahibkarlığın inkişafına yardım fondu yaradılıb. Bunlarla yanaşı, tikinti icazələri ilə bağlı biznes mühitinin yaxşılaşdırılması, kiçik sahibkarlara maliyyə imkanlarının yaradılması, təhsil sistemində məzunların sənayenin tələbləri ilə uzlaşdırılması və istehsal xərclərinin azaldılması kimi işlər görülməlidir.

-Asiya İnkişaf Bankı dünyanın müxtəlif regionlarında dövlət və kommersiya strukturları ilə əməkdaşlıq edir. Əməkdaşlığın şərtləri, qaydaları necədir?

-Biz kreditləri inkişaf etməkdə olan üzv ölkələrə və oradakı özəl sektorun inkişafına yönəldirik. Asiya İnkişaf Bankının əsas maliyyə ehtiyatlarından verilən kreditlər London banklararası bazarında bankların borclanma faizi (LİBOR) üzrə həyata keçirilən borclar olub. Bu, kreditorlara valyuta məzənnəsinə və faiz dərəcəsinə uyğun olaraq böyük imkanlar, geri ödəniş şərtlərində bəzi üstünlüklər və kredit müddəti boyunca ilkin şərtləri dəyişmək imkanı verir. Bununla yanaşı, kreditor kredit müddəti ərzində faizlərin dərəcəsini dəyişmək hüququna malik olacaq.

-Müsahibə üçün təşəkkür edirik.


Teqlər:





Xəbər lenti