İtən Malayziya təyyarəsinin gizli məqamları ortaya çıxır
Xəbər verdiyimiz kimi, Vyetnam hərbiçiləri Cənub-Çin dənizində Malayziya Hava Yollarına məxsus təyyarənin qırıntılarını tapa bilməyiblər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün də davam etdirilən axtarışlar hələ də nəticə verməyib.
Eyni zamanda, axtarışa ABŞ Federal Təhqiqatlar Bürosunun mütəxəssisləri də qoşulublar. Ona görə ki, itmiş təyyarədə ABŞ-ın böyük şirkətlərindən birinin 20 əməkdaşı da olub.
Bundan əlavə, təyyarədə dörd sərnişinin başqa şəxslərə məxsus pasportlarla uçduğu məlum olub. Onlardan ikisi- bir avstriyalı və bir italiyalı hökumət orqanlarına müraciət edərək, başqa şəxslərin onların adı ilə təyyarəyə mindiklərini bildiriblər. Onların hər ikisi məlumat verib ki, hazırda evlərindədirlər və bir il əvvəl hər ikisinin pasportları oğurlanıb.
Hazırda təyyarəni 40 gəmi və 22 təyyarə axtarır. Mütəxəssislər ən təhlükəsiz təyyarə hesab edilən “Boeing 777-200”ün yoxa çıxması səbəblərini aydınlaşdırmağa çalışırlar. Malayziya Kral Hərbi-Hava Qüvvələrinin komandanının bildirdiyinə görə, təyyarə radarların ekranlarından itməmişdən əvvəl geriyə dönüş edib. Monitorların göstəricilərini müqayisə edən mütəxəssislər müəyyən etmişlər ki, təyyarə geri dönmək istəmişdir. Təyyarə 200 metr aşağı eniş edərək 40 dərəcə geriyə dönüb.
“Boeing 777-200” uzaq məsafəyə uçan laynerlər arasında ən etibarlılardan biri hesab edilir. İki nəhəng mühərriklə təmin edilən təyyarə, onlardan biri sıradan çıxdıqda belə eniş etmək qabiliyyətinə malikdir. Xüsusi olaraq uzaq məsafələrə uçuş üçün nəzərdə tutulan təyyarə yanacaq doldurmadan 16 saat uça bilir. Bu modifikasiyadan olan təyyarələr indiyədək yalnız bir dəfə sərnişinlərin həlak olmasına səbəb olan qəzaya uğrayıb, həmin vaxt 307 sərnişindən 3-ü həlak olub. Buna görə də təyyarənin texniki nasazlığa görə qəzaya uğraması ehtimalı qəbul edilmir.
Teqlər: