227 sərnişin və 12 heyət üzvü olan təyyarə yoxa çıxıb
Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing-777” təyyarəsi martın 8-də saat 02:41 dəqiqədə radarların ekranlarından itib.
Malayziya Nəqliyyat Nazirliyi itmiş təyyarənin dənizə düşməsi barədə KİV-lərin yaydığı məlumatı təkzib edir. Laynerin sonuncu dəfə əlaqəyə girdiyi ərazidə isə xilasedicilər heç bir iz tapmayıblar.
Təyyarə yerli vaxtla saat 06:30 dəqiqədə Pekin aeroportuna enməli idi, lakin təyyarədən hələ də xəbər yoxdur. Kuala –Lumpurdan Pekinə uçan təyyarə ilə əlaqə kəsilib. Çinin Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar diplomatik xidmətin fövqəladə rejimdə çalışdığını bildirib.
Təyyarənin göyərtəsində 13 ölkədən 227 sərnişin və 12 heyət üzvü var. Region ölkələri tərəfindən artıq axtarış-xilasedici qruplar işə başlamışlar. Axtarışın müsbət nəticə verməsi üçün bütün mümkün imkanlardan istifadə olunur.
Malayziyanın nəqliyyat naziri Hişamudin Hüseyn bildirmişdir ki, əməliyyata hərbiçilər, hərbi-hava və hərbi-dəniz qüvvələri cəlb ediliblər. Sərhədçi dəstələri də dənizə göndərilib. Bundan əlavə, axtarışla bağlı Çin, Vyetnam, Filippin və İndoneziya ilə sıx əlaqə saxlanılır. Həmin ölkələrdən yardım göstərmələri xahiş edilib.
Vəziyyətlə əlaqədar hər iki saatdan bir mətbuat konfransı keçirilərək ən son xəbərlər verilir.
Malayziya Hava Yolları şirkətindən bildirdiklərinə görə, təyyarəni ən təcrübəli pilotlardan biri idarə edirdi və o, 18 min saat uçuş təcrübəsinə malikdir. İkinci pilot isə 2007-ci ildən şirkətdə işləyir və o da 2 min saat uçuş təcrübəsinə malikdir.