Latın Amerikasında `ərəb baharı`

Latın Amerikasında `ərəb baharı`
  09 Mart 2014    Oxunub:1111

Latın Amerikası niyə çalxalanır?

AzVision.az “Region Plyus” portalına istinadən xəbər verir ki, Latın Amerikası yeni sosial etirazlar burulğanına düşüb. Regionun bir sıra ölkələrində yerli hökumətlərin Birləşmiş Ştatların nüfuzuna qarşı artan müqaviməti fonunda kütləvi nümayişlər keçirilir.

Müxalifətin təzyiqi Peruda hökumət başçısının dəyişməsinə səbəb olub. Ölkənin yeni baş naziri sabiq mənzil tikintisi naziri Rene Kornexodur. Ondan əvvəlki hökumət başçısı Sesar Vilyanueva isə ölkədə minimum əməkhaqqının artırılacağına (hazırda o, təxminən, 270 dollardır) dair vədinə əməl etmədikdən sonra az qala bütün xalq tərəfindən qınaq obyektinə çevrilmişdi. Bu dərəcədə populist vəd səsləndirən Vilyanueva məsələnin iqtisadiyyat və maliyyə naziri Luis Migel Kastilya ilə razılaşdırıldığını bildirirdi. Amma Kastilya deyilənləri təkzib edib, baş nazirlə heç zaman bu haqda müzakirə aparmadığını bildirib.

Son vaxtlar Peruda ciddi etiraz aksiyaları qeydə alınmayıb. Ənənəvi olaraq Latın Amerikasında sosial narazılıqların episentri hesab edilən Argentinadan fəqrli olaraq, burada sakitlikdir. Fevral ərzində Argentinada, xüsusilə Resistensi və Kordova şəhərlərində ard-arda nümayişlər keçirilib. Argentinalılar hökumətdən sosial yardımların artırılmasını tələb edirlər.

Braziliyada da etiraz dalğası genişlənməkdədir. Ötən ilin yayından etibarən, bu ölkədə kütləvi etiraz aksiyaları səngimir. Nümayişlərin başlamasına səbəb dövlətin sosial ehtiyacların ödənilməsinə, nəqliyyat sahəsinin inkişafına xərcləri azaltması olub. Futbolun qiymətini ən yaxşı bilən, ən yaxşı futbol ustası olan braziliyalılar hökumətin bu ilin yayında Braziliyada keçiriləcək mundialın təşkilinə milyardlarla dollar xərcləməsini qəbul etmir.

Braziliya prezidenti Dilma Russeff yanvarda Davosda keçirilən Beynəlxalq İqtisadi Forumdakı çıxışında bildirib ki, onun ölkəsi dünya tarixinin ən yaxşı mundialını keçirməyə hazırdır. Bununla yanaşı, çoxları hesab edir ki, futbol üzrə dünya çempionatı milyonlarla braziliyalının ağır sosial durumunu xatırlamasına, hökumətin iqtisadi siyasətinə, bütün Braziliyanı bürümüş korrupsiyaya etiraz etməsinə rəvac verəcək.

Amma o da etiraf edilməlidir ki, sosial istiqamətli siyasətin uğurla icrası baxımından ən uğurlu Latın Amerikası ölkələrindən biri məhz Braziliyadır. Bu, böyük ölçüdə son onilliyin solçu hökuməti hesabına mümkün olub. Odur ki, ekspertlər Braziliyadakı son etiraz aksiyalarının yeni tendensiyanın başlanğıcı olduğunu düşünürlər. Çünki hökumət yoxsulları orta sinfin səviyyəsinə qaldırmaq üçün, həqiqətən də, az iş görmür. Amma buna rəğmən, etiraz aksiyaları səngimək bilmir. Məsələ ondadır ki, Latın Amerikası ölkələrində, o cümlədən Braziliya və Argentina kimi nisbətən inkişaf etmiş ölkələrdə yoxsulluq o qədər geniş yayılıb və kök salıb ki, bu düyünü açmaq heç cür mümkün olmur.

Tez bir zamanda sosial dəyişikliklərə nail olmağın nə qədər çətin olduğunu daha bir Latın Amerikası ölkəsinin - Venesuelanın timsalında görmək mümkündür. Bu ölkədə də etiraz dalğası son zamanlar daha kəskin xarakter alıb. Bir çox müşahidəçilər, hətta Venesuelada vətəndaş müharibəsinin başlayacağını belə, istisna etmir.

Venesuela müxalifətinin çıxışları polislə şiddətli toqquşmalarla müşayiət olunur. Belə toqquşmalarda artıq onlarla insan dünyasını dəyişib. Nümayişçilər hakimiyyətdən ümummilli problemlərin (hər tərəfi bürümüş cinayətkarlıqdan tutmuş, əsas ərzaq məhsullarının çatışmazlığınadək) dərhal həll edilməsini, o cümlədən prezident Nikolas Maduronun istefasını tələb edir.

Venesuelanın müxtəlif şəhərlərində fevralda keçirilən nümayişlər Maduronun 2013-cü ilin baharında hakimiyyətə gəlməsindən keçən dövrdə ən genişmiqyaslı etiraz aksiyalarıdır. Xatırladaq ki, Maduro dövlətin başına özündən əvvəlki prezident Uqo Çavesin ölümündən sonra keçib. Çaves hələ sağkən Maduronu siyasi varisi elan etmişdi. Amma onun Çavesin sosial siyasətini davam etdirməsi böyük problemlərə yol açıb. Son ildə ölkənin iqtisadi durumu xeyli pisləşib: inflyasiya, təxminən, 56%-ə yüksəlib və bununla əlaqədar olaraq, hökumət yerli valyutanın qapalı "devalvasiya"sına getməli olub. Ən vacib ərzaq məhsulları gün-gündən daha çətin tapılır. Venesuelanın Kuba kimi kart sisteminə keçmək məcburiyyətində qalacağı istisna deyil. Hələlik prezident Maduro belə zərurətin olduğunu qəti şəkildə rədd edir. Hər halda, kart sistemi onun Latın Amerikasında ən nəhəng neft ehtiyatına malik "sosialist dövləti"nin lideri nüfuzuna ciddi zərbə ola bilər.

Venesuela üçün daha bir ciddi problem cinayətkarlığın miqyasıdır. Yalnız ötən il ölkədə 23 mindən artıq qətl hadisəsi törədilib. Venesuela təhlükəsizliyin təmini məsələsində dünya reytinqində son yerlərdən birini tutur.

Ölkənin bu qədər önəmli problemlərinin həlli üçün vacib olan milli konsensusa nail olmağa, etiraz aksiyalarının qarşısını almağa çalışan Venesuela lideri barışıq üzrə ümumxalq konfransının çağırılması təşəbbüsü ilə çıxış edib. Amma müxalifət qüvvələri bu tədbirə qatılmaqdan imtina ediblər. Onlar Maduronun təklifini "siyasi tamaşa", həlak olmuş nümayişçilərə qarşı "təhqir" adlandırıblar.

Bütün bunların fonunda regionun digər ölkələrində olduğu kimi, Venesuelada da keçirilən nümayişlərə ABŞ amilinin təsiri aydın şəkildə görünür. Məlum olduğu kimi, Birləşmiş Ştatlar hələ 2 əsr bundan əvvəl, Monro doktrinası dövründən Latın Amerikasına özünün nüfuz dairəsi kimi baxır. Bu, xüsusilə açıq antiamerika kursu yürüdən Venesuela kimi ölkələrə aiddir. Odur ki, yerli müxalifətin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi heç də təəccüblü deyil. Nikolas Maduro iddia edir ki, müxalifətin arxasında Vaşinqton durur və məqsəd Venesuelada hakimiyyət çevrilişinə nail olmaqdır. Ölkədən 3 amerikalı diplomatın çıxarılması məhz bu bəyanatla əlaqələndirilir. Rəsmi Karakas isə bildirir ki, ölkədən qovulmuş diplomatlar konsul fəaliyyətlərinin həyata keçirilməsi adı ilə Venesuelanın ali məktəblərinə soxulur, tələbələr arasında antihökumət təbliğatı aparırlarmış.

Venesuela XİN-i ABŞ prezidenti Barak Obamanın Venesuela hökumətini "amerikalı diplomatları günahlandırmaqdansa, xalqın haqlı tələblərinə qulaq asmağa" çağırmasını da "dövlətin daxili işlərinə kobud müdaxilə" adlandırıb. Karakasın sərt tonu Amerikanın ayrı-ayrı nüfuzlu siyasətçilərini də məsələyə reaksiya verməyə vadar edir. Məsələn, senator Con Makkeyn Ağ Evi Venesuelaya desantlarla dolu hərbi gəmilər göndərməyə çağırıb. Onun fikrincə, bu, "ölkədə nizam-intizama zəmanət verilməsi, enerji daşıyıcılarının fasiləsiz nəqlinin təmini" üçün vacibdir.

Son amilin xatırladılması son dərəcə maraqlıdır. Çünki Venesuela neftinin əsas idxalçısı, məhz, Birləşmiş Ştatlardır. Venesuela hökuməti Vaşinqtonla münasibətlərdəki bütün çətinliklərə rəğmən, onu daha da gərginləşdirmək istəmir. Bu səbəbdən, Maduro Obamanı "vətənpərvər, inqilabçı Venesuela ilə ABŞ hökuməti arasında dialoq"a çağırıb: "Mən hazıram! Gəlin, yuxarılarda dialoqa başlayaq və bütün həqiqətləri masa üzərinə qoyaq".

Bundan başqa, Karakas ABŞ-la münasibətlərdəki qeyri-müəyyənliyə də son qoymaq qərarına gəlib. Qeyd edək ki, hazırda hər iki ölkənin diplomatik missiyasına müvəqqəti işlər vəkilləri rəhbərlik edir. Bu, 2010-cu ilin dekabrında Uqo Çavesin Obamanın təyin etdiyi səfir Larri Palmeri qəbul etməkdən imtinasından sonra belədir. Çaves Palmeri Venesuelanın ünvanına hörmətsiz ifadələr işlətməkdə günahlandırırdı. Vaşinqton da öz növbəsində, buna cavab olaraq Venesuelanın səfiri Bernardo Alvaresin vizasını ləğv edib. İndi Maduro ölkəsinin ABŞ-dakı səfiri postuna yeni namizəd irəli sürüb. Bu, hazırda Braziliyada səfir olan Maksimilian Arvelaesdir.

Karakasın bu təşəbbüsü Latın Amerikasını bürümüş iğtişaşlar fonunda azsaylı xoş məramdan başqa bir şey deyil. Region ölkələrinin onilliklər, hətta əsrlərlə yığılmış iqtisadi və sosial iztirabları aşması asan deyil. Bu problemlərin daxili siyasi vəziyyətin kənardan qarışdırılması fonunda aradan qaldırılması isə daha da çətindir. Bu məsələdə ayrı-ayrı fövqəldövlətlər və onlarla əlaqəli transmilli korporasiyalar maraqlı olduqlarını açıq şəkildə ifadə edirlər. Onların hər biri Latın Amerikasına nüfuz dairəsi, son dərəcə cəlbedici satış bazarı kimi baxır. Bu, elə bir reallığa çevrilib ki, hətta öz siyasətində sol radikalizmə əl atan region dövlətləri belə, onun öhdəsindən çətinliklə gəlirlər.


Teqlər:





Xəbər lenti