Mahnımızın qəhrəmanı: Mata Harinin sirli həyatı – GİZLİ TARİX

      Mahnımızın qəhrəmanı:    Mata Harinin sirli həyatı –    GİZLİ TARİX
  24 May 2021    Oxunub:5950
Azərbaycan “Avroviziya-21” musiqi yarışmasında Samirə Əfəndinin ifa etdiyi “Mata Hari” adlı mahnı ilə təmsil olunaraq, 20-ci yeri tutdu. Sosial şəbəkə istifadəçiləri Avroviziyadakı çıxışımız barədə xeyli müzakirələr açıb, müğənninin geyimindən tutmuş, Mata Harinin kimliyinə qədər xeyli mübahisəli fikirlər səsləndiriblər. Bəs Mata Hari əslində kimdir?
Əsl adı Marqarita Gertruda Zelle olan Mata Hari 1876-cı ildə Hollandiyada hindli ailəsində doğulub. "Mata Hari” adının mənası malay dilində "sübhün gözü”, hind dilində isə "sübhün göz bəbəyi” deməkdir. Tarixdə qeyri-adi həyatı və barəsində irəli sürülən bir-birindən ziddiyyətli iddialarla xatırlanır. Həmin iddialardan birinə görə, o, Hindistanın bir cənub şəhərində - Malabar sahilində doğulub. Atası Brahman ruhanisi, anası isə rəqqasə imiş. Kanda-Svami məbədində ona erkən yaşlarından müqəddəs rəqslər öyrədilib.

Alman kəşfiyyatı ilə işbirliyi

Mata Hari gənc yaşlarından Avropada hind rəqsləri ilə məşhurlaşır. Almaniya kəşfiyyatı Birinci dünya müharibəsi ərəfəsində əzəli düşmənləri olan fransızların hərbi sirlərini öyrənmək üçün Avropada böyük şöhrət qazanan Mata Haridən istifadə etmək qərarına gəlir. Kəşfiyyat Birinci Dünya savaşından bir neçə il əvvəl Mata ilə əlaqə quraraq onu özlərinə işləməyə razı sala bilir. Mata Almaniyanın Löerrach şəhərindəki kəşfiyyat düşərgəsində xüsusi məktəbdə casusluğun sirlərini öyrənir və Almaniya kəşfiyyatında "H21" kodu ilə qeydə alınır. Mata rəqqasə və fahişə kimi Fransız zabitlərini əyləndirir, Fransada yüksək rütbəli şəxslərlə əlaqəyə girərək, onlardan dövlət əhəmiyyətli məlumatlar, sirlər öyrənməyə nail olurdu. Onun münasibətdə olduğu şəxslərdən ünvanladığı suallara israrla cavab almaq istəməsi Fransa kəşfiyyatının diqqətini cəlb edir.



Fransa kəşfiyyatı, nəhayət, Mataya almanların bəzi sirlərini öyrənməyi təklif edir. Mata özünü təmkinli apararaq, buna etiraz etmir və fransız kəşfiyyatı ona xüsusi casusluq kursu keçir. Onunla işləmək istəsələr də fransızlar Mataya inana bilmirdilər və işin içində "nə isə" olduğu qənaətində idilər. Ona görə də Matanı yoxlamaq üçün Belçikaya göndərdilər. Orada o, 6 fransız casusu ilə əlaqə yaradacaqdı. Elə bu hadisə ilə də Matanın Almaniya casusu olduğu sübuta yetirildi. Belə ki, Matanın görüşdüyü 6 fransız agenti iki həftədən sonra almanlar tərəfindən ələ keçirildi və güllələndi. Beləliklə, aşkar olundu ki, həmin fransızların koordinatlarını almanlara Mata ötürüb.

İngilis gözü

İngilis kəşfiyyatı isə Matanın almanlara işləyən Klara Benediks adlı casus olduğunu düşünürdü. Ona görə də ingilislər Matanın hər addımını nəzarət altına almışdılar. 1916-cı ilin oktyabrında ingilis kəşfiyyatı Matanı tutaraq sorğu-sual etdi. Ancaq məlum oldu ki, onun Klara Benedikslə heç bir əlaqəsi yoxdur. Onlar Matanın almanlara işləyib-işləməməsini aydınlaşdırmaq üçün də çalışırlar. Lakin artıq işində peşəkarlaşan casus qadın almanlara işləməsi barədə deyilənləri rədd edərək, adi bir rəqqasənin belə işlərlə məşğul olmasının mümkün olmadığını söyləyir. Matanın almanlara işləməsi barədə hər hansı fakt əldə etməyən ingilis kəşfiyyatı onu sərbəst buraxmağa məcbur olur.
Mata Hari yenidən öz sirli həyatına qayıdır.

“Fransanın kabusu” necə ifşa edilir

Fransızlar onun bir daha geriyə dönməyəcəyini düşündükləri bir vaxtda Mata gözlənilmədən Parisə qayıdır. Araşdırmaçıların fikrincə, o ərəfədə Matanın Almaniya kəşfiyyatı ilə arası dəymişdi. Parisə qayıdan rəqqasəni dərhal həbs edirlər. Fransız polisi onun evində axtarış aparır və çoxlu sayda alman markaları tapır. Mata bu markaları müştəriləri olan almanlardan aldığını söyləyərək, casusluq iddialarını rədd edir. Axtarış zamanı Matanın evində görünməz yazı yazmaq üçün istifadə edilən mürəkkəb də aşkar olunur. Rəqqasə mürəkkəbin makiyaj vasitəsi olduğuna inandırmaq istəsə də, həmin mürəkkəblə yazılan bəzi yazılar ortaya çıxanda Mata susmalı olur.
Beləliklə, məşhur rəqqasə Mata Hari fransız kəşfiyyatı tərəfindən ifşa edilir və həbsxanaya salınır. Alman casusu Matanın həbsi Fransada böyük uğur kimi qələmə verilir. O, 50 min fransız əsgərinin ölümündə təqsirləndirilirdi. Mata Hariyə qarşı irəli sürülən ittihamda onun düşmənə ötürdüyü 8 gizli dosye barədə informasiya yer alırdı.

Hollandiya kraliçasının xahişi

Bu arada Mata Harini yaxından tanıyan və fransız kəşfiyyatının onun barəsində qaldırdığı iddiaya şübhə ilə yanaşan Hollandiya kraliçası Fransaya müraciət edərək, rəqqasənin buraxılmasını xahiş edir. Lakin Fransa hökuməti kraliçanın bu xahişini rədd edir. Almaniya isə Mata Harini fransızların istədiyi şəxslə dəyişməyə razı olduğunu rəsmi şəkildə bəyan edir. Lakin Fransa hökuməti almanların Matanı dəyişdirmək təklifini də qəbul etmir.



Ölümün gözünə dik baxan qadın

Nəhayə, 1917-ci il, oktyabr ayının 15-də Mata Hari edam edilir. Edamdan əvvəl onun gözünü bağlamaq istəyirlər. Mata isə “Mən satqın deyiləm, adi bir rəqqasəyəm” söyləyərək, gözlərini qapamağa icazə vermir və öz ölümünü cəsarətlə qarşılayır.

Sonradan onun cəsədinə sahib çıxa biləcək qohum-əqrəbası da tapılmır. Bu səbəbdən kəşfiyyatçının cəsədi tibbi məqsədlər üçün istifadə edilir. Mata ölümündən sonra dünyada “Fransanı məhv edən qadın” adı ilə daha da məşhurlaşır.

Bu gün də müzakirə olunursa...

1921 və1931-ci illərdə Almaniyada məşhur sirli qadının həyatından bəhs edən “Mata Hari” adlı iki film çəkilir. Bu filmlərdə faciəli həyat yaşayan rəqqasənin şəxsi həyatından götürülmüş sənədli məlumatlardan istifadə edilib.
Bir həqiqət danılmazdır: zaman hər kəsə layiq olduğu qiyməti verir. Mata Harinin şəxsiyyəti, həyatı və tarixdəki rolu bu gün də mübahisə, müzakirə mövzusuna çevrilə bilirsə, deməli, o, adını tarixə yazdırmağı bacarıb. Bu gün onun kimliyini dartışan şəxsi fikir və yanaşmalar da bu gerçəyi dəyişmək gücündə deyil.

Şəlalə Göytürk
Azvision.az


Teqlər: Mata-Hari  





Xəbər lenti